“Bu yolla Çin beynəlxalq aləmdə böyük potensial əldə edəcək”-Tofiq Abbasovdan ŞƏRHbackend

“Bu yolla Çin beynəlxalq aləmdə böyük potensial əldə edəcək”-Tofiq Abbasovdan ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Çinin Rusiya-Ukrayna müharibəsində vasitəçilik imkanları var”.

Bu fikri Editor.az-a politoloq Tofiq Abbasov Avropa Komissiyasının vitse-prezidenti Jozep Borrelin artıq Rusiyanın Ukraynaya qarşı başlatdığı müharibədə Pekinin vasitəçi olmaq imkanını itirdiyi ilə bağlı açıqlamasını şərh edərkən bildirib.

Onun sözlərinə görə, Çin prosesdə uğur qazanmaqda israrlıdır:

“Bunun üçün isə ilk növbədə Moskva ilə Kiyevi masa arxasında oturtmalı və müəyyən nəticələr əldə etməyə cəhd göstərməlidir. Çünki bu hal baş verərsə, onun beynəlxalq aləmdə nüfuzu artacaq. Rusiyanın Çinin vasitəçiliyində maraqlı olması diqqətçəkən məqamdır. Ancaq rəsmi Kiyevin buna razılıq verib-verməyəcəyi sual altındadır. Elə problem də burasındadır. Çünki istər-istəməz prosesdə Ukrayna Qərbin mövqeyi ilə razılaşmalı olacaq. Faktiki olaraq öz resurslarını Qərb vasitəsilə təmin edib, zənginləşdirdiyi üçün onun təsiri altındadır”.

Politoloq hesab edir ki, prosesdə Vaşinqtondan daha çox Avropa İttifaqı söz sahibinə çevrilə bilər:

“Çünki Aİ bir ildən çoxdur ki, Ukraynanı həm fiziki, həm də siyasi cəhətdən dəstəkləyir. Ona görə də Kiyevin Qərbin “sözündən çıxması” inandırıcı deyil. O da, bir mənalı şəkildə müharibənin dayanmaması və sülh danışıqlarına başlanılmamasını istəyir. Bu aksiomatik həqiqətdir. Çünki Ukrayna daxilində sülhdən danışan siyasi qrupların rəhbərlərinin sözünü Qərb kəsir və deyir ki, onlar öz fəallıqlarını qeyri-həqiqi kontekstdə nümayiş etdirirlər. Əgər Çin Kiyevi sülhə razı salarsa, böyük potensial əldə edəcək. Bunun üçün də o, Ukraynaya vəd verməlidir. Proseslərdə Pekin diplomatiyasının özünü necə təqdim etdiyini gözləyib müşahidə etmək lazımdır. Bu proses isə həqiqətən çətindir”.

//Safura Bənnyeva, Editor.az