ABŞ-ın Müharibə Tədqiqatları İnstitutunun yaydığı məlumata görə, Rusiyanın müdafiə naziri Sergey Şoyqu bildirib ki, Rusiya Ukraynadakı hərbi əməliyyatların sürətini bilərəkdən azaldır. Bu bəyanat Rusiyanın Ukraynadakı son 6 həftə ərzindəki sadəcə kiçik nailiyyətlərini izah etmək üçündür. ABŞ institutu iddia edir ki, müvəqqəti işğal olunmuş ərazilərdə Rusiya tərəfi ciddi problemlərlə üzləşir: “Ukrayna qüvvələri Xerson və Zaporejyedə Rusiya hərbi obyektlərinə və kommunikasiya xətlərinə zərbələr endirməkdə davam edir”.
Mövzu ilə bağlı Editor.az-a açıqlama verən Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu bildirdi ki, bu özlərinin uğursuzluğuna haqq qazandırmaq üçün uydurulmuş bir məsələdir:
“Müharibədə döyüşən tərəflər ildırım sürəti ilə müharibənin bitməsində maraqlıdırlar. Çünki müharibə uzandıqca Rusiya həm iqtisadi cəhətdən çökür, həm də Rusiya daxilində xalq narazılıqları da meydana çıxır. Rusiya da dünyada təklənir. İstənilən halda müharibənin uzadılması Rusiyanın dövlət maraqlarına ziddir. Belə olan halda müharibənin planı şəkildə uzadılmasını demək də gülünc haldır. Öz məğlubiyyətlərinə haqq qazandırmaq, beynəlxalq cəmiyyətə özlərinin olmayan gücünə inandırmaqdq məqsədi, eyni zamanda dünyada ən güclü ordu imicini yaratmaq məqsədilə bu kimi fikirlər səsləndirirlər. Amma düşünürəm ki, bu əsassızdır”.
//Safura Bənnayeva, Editor.az

