Ukraynanın NATO perspektivindən kənarlaşdırılması ilə bağlı müzakirələr təkcə Kiyev üçün deyil, bütövlükdə Avroatlantik təhlükəsizlik arxitekturası üçün yeni suallar yaradır. Mövcud geosiyasi şəraitdə bu cür qərarların doğura biləcəyi risklər, xüsusilə Rusiyanın regional strategiyaları fonunda, ciddi narahatlıq doğurur. Mütəxəssislər hesab edir ki, NATO-dan imtina Ukraynanın təhlükəsizlik təminatlarını zəiflətməklə yanaşı, müharibənin gələcək mərhələlərinə də təsir göstərə bilər.
Politoloq Tural İsmayılov Editor.az-a açıqlamasında bildirib ki, Ukraynanın NATO-dan imtinası ilk növbədə strateji qeyri-müəyyənlik yaradır və bu, dövlət təhlükəsizliyi baxımından ən riskli ssenarilərdən biri hesab olunur. Onun sözlərinə görə, NATO təkcə hərbi alyans deyil, eyni zamanda kollektiv təhlükəsizlik mexanizmi və güclü siyasi çəkindirici faktordur:

“Bu strukturdən kənarda qalmaq Ukraynanı yenidən “boz zona”ya sürükləyir ki, Rusiya kimi aktorlar məhz bu cür təhlükəsizlik boşluqlarından istifadə etməyə üstünlük verirlər. Qərb tərəfindən təklif olunan ikitərəfli və çoxtərəfli təhlükəsizlik zəmanətləri nəzəri baxımdan cəlbedici görünsə də, onların real icra mexanizmləri ciddi suallar doğurur. Tarixi təcrübə göstərir ki, real hərbi öhdəliklərlə möhkəmləndirilməyən təhlükəsizlik zəmanətləri uzunömürlü olmur”.
Tural İsmayılov Budapeşt Memorandumunu bunun ən bariz və acı nümunəsi kimi xatırladaraq qeyd edib ki, Kiyev bu təcrübəni unutmamalıdır. Onun fikrincə, ABŞ və Avropa İttifaqının verdiyi zəmanətlər əsasən siyasi iradədən asılıdır və bu iradə hakimiyyət dəyişiklikləri fonunda sürətlə zəifləyə bilər:
“ NATO üzvlüyü isə fərdi hökumətlərdən asılı olmayan, institusional xarakter daşıyan təhlükəsizlik mexanizmidir. Digər tərəfdən, Ukraynanın NATO-dan imtinası Qərbin öz daxilində də parçalanma riskini artıra bilər. Çünki bəzi Avropa ölkələri Ukrayna naminə real risk almağa hazır deyil və bu, verilən zəmanətlərin effektivliyini ciddi şəkildə zəiflədir. Rusiya belə bir imtinanı strateji uğur kimi təqdim edərək gələcəkdə təzyiq rıçaqlarını daha da genişləndirə bilər. Bu vəziyyət müharibənin tam başa çatması deyil, sadəcə müvəqqəti fasilə mərhələsi ola bilər. Ukrayna üçün əsas problem ondan ibarətdir ki, təhlükəsizlik zəmanətləri pozulduğu halda avtomatik hərbi cavab mexanizmi mövcud deyil. Buna görə də NATO-dan imtina qısamüddətli rahatlıq yaratsa da, uzunmüddətli təhlükəsizlik baxımından ciddi risklər daşıyır”.
//Gülnarə Abasova, Editor.az

