“Buna görə də İran əlindəki kartları birdən oynamağa başlayıb”- ŞƏRHbackend

“Buna görə də İran əlindəki kartları birdən oynamağa başlayıb”- ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Son dövrlər ciddi şəkildə hiss olunur ki, İran ətrafında çevrə daralmaqdadır. İran hər tərəfdən mühasirədədir. İndiyə qədər İran ərazisinə edilən birbaşa zərbələri hər zaman kənarda neytrallaşdırıb. Bunun üçün Tehran həmişə proksi müharibələrə üstünlük verib. İraqda, Suriyada, Livanda, Yəməndə olan proksilər vasitəsilə mübarizə aparır və münaqişəni hər zaman öz ərazisindən kənarda tutur. Həmin kuklanın əli ilə Qərbin obyektlərinə, İsrailə qarşı zərbələr endirib onların başını həmin proksilərlə qatmağa çalışır”.

Bu fikirləri Editor.az-a açıqlamasında politoloq Turab Rzayev deyib.

Onun sözlərinə görə, Qərb İrana qarşı daha ciddi addımlar atmaq niyyətindədir:

“Bunun da bir neçə səbəbi var. İrana qarşı hərbi əməliyyatlar başlayacaq. Çünki İran Qərbin planlarını iki bölgədə pozdu. Birincisi, Ukrayna müharibəsində birbaşa Rusiyanı dəstəklədi, onu ballistik raketlər, mərmilər, dronlarla təchiz etdi. İkinci məsələ yaxın Şərqdə müharibəni qızışdırmaqla dünyanın diqqətini ora yönəltdi. Hesab edirəm ki, Rusiya və İranın HƏMAS hücumunda İsrailə qarşı əli var. İranın senarisi öz xətti ilə davam edir. Çünki bir tərəfdən İran daxilində partlayışlar baş verir, İranın Livanda, İraqda, Yəməndə, Suriyada generalları, ona yaxın qruplaşmaların rəhbərləri öldürülür. Görünür ki, İran buna sərt cavab vermə qərarına gəlib. Ona görə Pakistan ərazisinə, İraqa zərbələr endirilir. Ancaq rəsmi Tehran belə etməklə özünü daha çətin vəziyyətə sala bilər. İndiyə qədər Pakistan Türkiyədən sonra ikinci ən böyük müsəlman ölkəsidir ki, İrana qarşı hərbi əməliyyatlara, parçalanmasına zərbələr endirilməsinə qarşı çıxıb. İndi isə İranın Pakistana zərbə endirməsi sonunda Pakistanın da Amerikanın planlarında yer almasına səbəb ola bilər. Odur ki, İranın siyasi vəziyyəti getdikcə çətinləşə bilər. Görünür, o başa düşür ki, artıq sonun başlanğıcına yaxınlaşır. Buna görə də əlindəki kartları birdən oynamağa başlayıb”.

//Gülnarə Abasova, Editor.az