“Bundan sonra AZAL-a bir qəpik belə ayrılmamalıdır, heç kəs onu saxlamağı boynuna götürməyib”- Millət vəkilindən SƏRT TƏNDİQbackend

“Bundan sonra AZAL-a bir qəpik belə ayrılmamalıdır, heç kəs onu saxlamağı boynuna götürməyib”- Millət vəkilindən SƏRT TƏNDİQ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

AZAL son maliyyə hesabatında bildirilir ki, şirkət 2020-ci ili 76 milyon 415 min manat xalis zərər ilə başa vurub. Bununla belə, aviaşirkətin yığılmış zərəri 4,5% artaraq 1 milyard 763 milyon 916 min manata çatıb. Qeyd edək ki, 2020-ci ildə AZAL hökumətdən COVİD-19 ilə əlaqədar olaraq 232 milyon 82 min manat subsidiya da alıb. Bundan başqa AZAL-ın 2,2 milyard manat borcu da var. AZAL-ın qoyduğu qiymətlər hərkəsə məlumdur. Maraqlıdır, şirkət bu od qiymətlərlə hər dəfə bu qədər zərərə necə gedir?

Mövzu ilə bağlı Editor.az-a danışan Milli Məclisin deputatı Razi Nurullayev bildirib ki, şirkətin bu qədər ziyan etməsi Azərbaycan üçün çox böyük rəqəmdir:

“Ölkədə yüz minlərlə insanın  yaşayış səviyyəsi çox aşağıdır. İnsanlar az məbləğdə əməkhaqqına möhtac edilib. Belə bir vəziyyətdə dövlət büdcəsindən bu qədər vəsait həmin insanların rəqabətli şəkildə əmək haqqının artırılmasına sərf olunmaqdansa, AZAL-ın büdcəsinə yatırılır. AZAL da ona ayrılan bu pulu göz görə-görə yeyir, talayır. Əgər şirkət zərərlə işləyirsə niyə dövlətin sərəncamında qalmalıdır? Bir dövlət müəssisəsi on illər boyu ancaq zərərlə  işləyir, dövlət büdcəsini yeyir, gəlir gətirmir, niyə dövlət bunu saxlayır? Sanki mən xarici bir şirkətə ayda yüz min dollara icarəyə vermək üçün dəbdəbəli  bir villa tikdirmişəm. Ancaq onu cəmi 10 min dollara verirəm və 90 min ziyan edirəm. Mən on illərdir ki, bu evin bütün xərclərini ödəyirəm ancaq bir xeyrini də görmürəm. Bunun nə mənası var? Əgər bu AZAL ancaq dövlət büdcəsinə zərər verirsə niyə özəlləşdirilmir? Biz necə bilək ki, AZAL nə vaxtsa bu ölkəyə xeyir gətirəcək?”.

Millət vəkilinin sözlərinə görə, Azərbaycan vətəndaşı öz  verdiyi vergidən formalaşan AZAL-dan istifadə belə edə bilmir:

“Qiymətlər kəllə-çarxa çıxıb. Bu gün Rusiyada on minlərlə azərbaycanlının  pulu çatmır ki, AZAL-la ölkəsinə gəlsin. Belə bir vaxtda da işə yaramayan bu AZAL-ı dövlət niyə saxlamalıdır, mən başa düşmürəm… Nə qədər zərərlə işləyən belə dövlət müəssisələri var. Bunlar hamısı dövlət büdcəsinin üzərində qalıb. Hamısı özəlləşdirilməlidir. Bu məsələlər çox ciddi narahatlıq yaradır və yaratmalıdır. Hesab edirəm ki, bununla bağlı həm cəmiyyətimiz, həm də millət vəkilləri tərəfindən ciddi etirazlar olacaq. Çünki bundan sonra AZAL-a bir qəpik də olsa vəsait ayrılmasından söhbət gedə bilməz. Əgər ayrılsa, bu artıq dövlət siyasətinə, Azərbaycan xalqına qarşı atılan bir addım olacaq.  Heç kəs bu şirkəti saxlamağı boynuna götürməyib”.

//Gülnarə Abasova, Editor.az