Çin ABŞ prezidenti Donald Trampın tətbiq etdiyi yüksək tariflərə cavab olaraq ölkədə nümayiş olunan Amerika filmlərinin sayını azaldacaq.
Editor.az bildirir ki, bu barədə aprelin 10-da Çinin Milli Film Administrasiyası məlumat yayıb. Çin departamenti bazar qanunlarına əməl edəcəklərini qeyd edib. “ABŞ hökumətinin Çinə qarşı əsassız gömrük rüsumlarının tətbiqi ilə bağlı qeyri-qanuni hərəkətləri qaçılmaz olaraq çinli tamaşaçıların Amerika filmlərinə rəğbətinin daha da azalmasına gətirib çıxaracaq.
Biz bazar prinsiplərinə sadiq qalacaq, tamaşaçıların seçiminə hörmətlə yanaşacağıq və idxal olunan Amerika filmlərinin həcmini orta dərəcədə azaldacağıq”, – bəyanatda deyilir.
Çin Milli Film İdarəsi əlavə edib ki, Çin “dünyanın ikinci ən böyük film bazarıdır” və onlar həmişə “xarici dünyaya yüksək səviyyədə açıq olmaqda israr ediblər”.
//Samir Qurbanov, Editor.az