“Yaxın bir neçə ay ərzində Azərbaycan və Ermənistan arasında yekun sülh sazişinin imzalanması o qədər də inandırıcı görünmür. Çünki rəsmi İrəvan hələ də Ermənistanın xarici himayədarlarının Cənubi Qafqazdakı situasiyaya müdaxilə edə biləcəklərinə və vəziyyəti fərqli istiqamətdə dəyişəcəklərinə ümid bəsləyir. Və bu, Ermənistanın sülh prosesini mümkün qədər uzatmağa yönəlik cəhdlərinə paralellik təşkil edir”.
Bu sözləri Editor.az-a açıqlamasında siyasi şərhçi Elçin Xalidbəyli deyib.

Onun sözlərinə görə, Rusiya Cənubi Qafqazda sülh prosesinin uğur qazanmasında maraqlı deyil:
“Ona görə də Kreml Rusiyanın regional mövqelərini qoruyub saxlaya bilmək üçün Azərbaycan və Ermənistan arasında hərbi-siyasi gərginliyin qalması istiqamətində əlindən gələn hər şeyi edir. Yəni, Rusiya da Cənubi Qafqazdakı sülh prosesi qarşısında əsas əngəlləyici faktorlardan biri rolunu oynayır. Ancaq Paşinyan hakimiyyəti istənilən halda, Azərbaycanla sülh sazişini imzalamağa məcbur qalacaq. Çünki Ermənistanın beynəlxalq himayədarları Cənubi Qafqazdakı geopolitik proseslərə təsir göstərmək imkanında deyil. Ermənistanın bacısı Fransa bu məsələdə iflasa uğramış vəziyyətə düşüb. Fransanın açıq ermənipərəst mövqeyi hazırda elə Ermənistanın əleyhinə yönəlməyə başlayıb. Çünki əvvəllər rəsmi Paris öz ermənipərəst mövqeyini pərdələməklə, Cənubi Qafqazda geopolitik proseslərdə iştirak edə bilirdi. Son vaxtlar rəsmi Paris özünü ifşa etdiyindən Azərbaycan tərəfindən regional sülh prosesindən kənarlaşdırılıb. Yəni, daha heç vaxt Fransa Azərbaycan və Ermənistan arasındakı sülh prosesində danışıqlar masası arxasında ola bilməyəcək. Və Ermənistan Fransanın “böyük bacı” dəstəyindən məhrum edilib”.
E.Xalidbəylinin sözlərinə görə, rəsmi İrəvanın ümid bəslədiyi ATƏT-ın Minsk Qrupu da artıq yoxdur:
“Rusiya Xarici işlər Nazirliyinin təmsilçisi Mariya Zaxarova Minsk Qrupunun dəfn olunduğunu açıq mətnlə rəsmən bəyan edib. ATƏT tərəfdən Ermənistana göndərildiyi iddia edilən “müşahidə missiyası” da iflasa uğradıldı. Rəsmi Bakı bu qrupun Ermənistana müəyyən hüquqi prosedurlar üzrə qərar qəbul edilmədən göndərildiyini arqumentləşdirdi. Ardınca isə rəsmi Bakı ATƏT-ın qanunsuz davranışına cavab olaraq, bu qurumun 2023-cü il üçün büdcəsini blokladı. Nəticədə ATƏT-ın fəaliyyəti iflic vəziyyətinə düşmək təhlükəsi ilə üzləşdi. İndi ATƏT artıq rəsmən bəyan edib ki, Ermənistana göndərilmiş “müşahidə missiyası”nın bu quruma heç bir aidiyyatı yoxdur. Belə vəziyyətdə Ermənistan üçün Azərbaycanın təklif etdiyi beş prinsip əsasında sülh sazişi imzalamaqdan başqa çıxış yolu qalmır. Bundan sonra rəsmi İrəvan yalnız Azərbaycanın hazırladığı sülh sazişinin mətni ilə barışmalı olacaq. Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın Azərbaycanla mövqelərin hələ bir-birindən uzaq olduğunu bildirməsi də ciddi əhəmiyyət daşımır. Çünki Azərbaycan ordusu həmin mövqeləri bir-birinə yaxınlaşdırmağa qadirdir. Və istənilən vaxt bunu qısa müddətdə edə bilər”.
//Gülnarə Abasova, Editor.az

