“Hazırda regionda vəziyyət kökündən dəyişir. Bir əsrə yaxın davam edən düşmənçilik münasibətlərinə son qoyulmaq üzrədir. Hər iki tərəf tarix boyu itkilər verib, amma bütün hallarda bu düşmənçilikdən ən çox əziyyət çəkən azərbaycanlılar olub. Təbii ki, anidən bu iki xalqı barışdırıb mehriban qonşuluq münasibətlərinə qaytarmaq mümkün olmayacaq, lakin bu proses yavaş-yavaş özü təbii şəkildə alına bilər. Belə ki, hər iki xalq uzun müddət birgə yaşamış, fəaliyyət göstərmişdir”.
Bu fikirləri Editor.az-a açıqlamasında Milli Məclisin deputatı Müşfiq Cəfərov deyib.
Millət vəkili bildirib ki, bu gün də ölkəmizdə Qarabağ müharibəsindən əvvəl məskunlaşmış erməni əsilli sakinlər yaşayır:
“Necə ki sovet illərində bu iki xalq əvvəlki illərin düşmənçilik münasibətlərini unudub birgə yaşadısa bu gün də bacara bilər. Düzdür, sovet illərindən sonra ermənilər azərbaycanlılara qarşı daha qəddar, daha böyük faciələr yaşatdılar. Amma dünya müharibəsinə də nəzər salsaq bu kimi faciələri yaşayan, sonradan qonşuluq əlaqələrini bərpa edən dövlətlər oldu.
Yüz illər boyunca bir-birinə nifrət edən və sonra barışan Avropa xalqları – ingilis və fransızlar, alman və italyanlar, ispan və hollandlar sonralar dinc və sivil münasibətlərə kökləniblər. Ermənilərin isə türklərə nifrəti başqa səpkilidir. Bu səbəbdən onlar öz nifrət yükündən xilas olmağa, ondan imtina etməyə meylli olmalı, dövlət idarəçilərinin uydurduğu saxta tarixdən qopmalıdırlar. Problem o xalqın öz saxta keçmişindən qopa bilməməsində, öz dırnaqarası tarixi faciələrini ilahiləşdirməsindədir. Ermənilər ölkəbəölkə düşüb uydurma “erməni genosidi”ni tanıtdırdıqca, haqsız qərar layihələri çıxartdırmağa çalışdıqca, bu iki xalq arasında münasibətlər sağalmayacaq”.
//Gülnarə Abasova, Editor.az

