“Bunlar Ermənistanı yeni müharibəyə şirnikləndirmək məqsədi daşıyır”- ŞƏRHbackend

“Bunlar Ermənistanı yeni müharibəyə şirnikləndirmək məqsədi daşıyır”- ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Avropa Parlamentinin Ermənistanın Avropa İttifaqına üzvlük imkanlarına baxmağı təklif edən qətnaməsi siyasi spekulyasiyadan başqa bir şey deyil.Çox yaxşı xatırlayırıq ki, NATO və Aİ Ukraynanın da bu təşkilatlara çox tezliklə üzv olacağı ilə bağlı bəyanatlar verirdilər. Nəticə göz qabağındadır. Məlum qətnamə, Avropa institutlarının Azərbaycana qarşı artan qərəzli mövqeyi, eləcə də Fransanın Ermənistana silah tədarükü Ermənistanı yeni müharibəyə şirnikləndirmək və həvəsləndirmək məqsədi daşıyır”.

Bu sözləri Editor.az-a açıqlamasında politoloq Fəqani Məhərrəmli deyib.

Onun sözlərinə görə, Ermənistanın son vaxtlar artan hərbi ritorikası, işğal altında olan kəndlərin qaytarılmasından imtina etməsi, sülh sazişinin imzalanmasını yubatması məhz Qərbin hiyləgər siyasətinin nəticəsidir:

” Orta Afrikada və Ukraynada geopolitik savaşları Rusiyaya uduzan, başda Fransa olmaqla Qərbin hərbi-siyasi rəhbərliyi revanş götürmək, ruslara qarşı yeni cəbhələr açmaq niyyətlərini israrla davam etdirirlər. Təəssüf ki, Cənubi Qafqazda 30 ildən artıqdır ki, destabilizasiya mərkəzi olan Ermənistan yenə də eyni rolu oynamağa hazırlaşır. Məqsəd Cənubi Qafqaz xalqlarının qanı hesabına Rusiyanı danışıqlar stolunda məğlub tərəf kimi oturtmaq, öz maraqlarını təmin edən şərtləri diktə etmək istəyirlər, necə ki, bu fəlakəti Ukrayna xalqının başına gətirdilər. Lakin Azərbaycanın ağıllı, hesablanmış və təmkinli siyasəti bu çirkli planları boşa çıxartmaqdadır. Azərbaycan və Türkiyə liderlərinin təklif etdiyi “3+3″ formatı Cənubi Qafqazda sülhün və rifahın yeganə formuludur. Ermənistan rəhbərliyi nə qədər gec deyil, əməkdaşlığın bu yeganə formuluna yaşıl işıq yandırmalıdır. Əks təqdirdə baş verəcək fəlakətlərin sorumlusu və ziyan çəkəni Ermənistan olacaq”.

//Gülnarə Abasova, Editor.az