“Postmüharibə dövründə Azərbaycanın irəli sürdüyü strateji təklif və təşəbbüslər bölgədə sülhün, sabitlik və təhlükəsizliyin, həmçinin çoxvektorlu əməkdaşlığın təmin olunması baxımından müstəsna əhəmiyyət kəsb edir. Ölkəmiz, eyni zamanda, üçtərəfli bəyanatın tam zamanında və qeyd-şərtsiz icra olunmasının zəruriliyi ilə əlaqədar qətiyyətli mövqe və geosiyasi iradə nümayiş etdirir”.
Bu fikirləri Editor.az-a açıqlamasında politoloq Nurlan Qələndərli deyib.

Politoloq qeyd edib ki, hazırkı şəraitdə Ermənistan konstruktiv və praqmatik yanaşma nümayiş etdirməklə öz üzərinə düşən öhdəlikləri yerinə yetirməlidir:
“Bu ölkə 30 ilə yaxın müddət ərzində işğalçı siyasət həyata keçirməklə, qeyri-konstruktiv mövqe nümayiş etdirməklə bütün regional layihələrdən kənarda qalıb, geosiyasi autsayderə çevrilib. Ona görə də Ermənistan 44 günlük müharibənin nəticələrindən və postkonflikt dövrünün geostrateji reallıqlarından nəticə çıxararaq öz qonşuları ilə normal münasibətlər qurmaq və ərazi iddialarından əl çəkmək düşüncəsi əsasında hərəkət etməlidir”.
Nurlan Qələndərli bildirib ki, Ermənistan silahlı qüvvələri bölmələrinin Berd rayonunun Kolagir kəndi yaxınlığında yerləşən mövqelərdən Tovuz rayonu Qaralar kəndi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan atəşə tutması bu ölkənin növbəti hərbi-siyasi təxribat cəhdidir:
“Ermənistan postmüharibə dönəmində bu zamana qədər müxtəlif xarakterli manipulyativ və təxribatçı addımlar atıb. Bütün bunlar, ilk növbədə, üçtərəfli Bəyanatdan irəli gələn öhdəliklərin bir qismindən yayınmaq, həmçinin yeni mərhələdə qeyri-konstruktiv mövqe sərgiləmək məqsədinə xidmət edir. Bütün bunlar uğursuz gedişlərdir və heç bir nəticə verməyib, verməyəcək. Azərbaycanla sərhədlərin müəyyən edilməsi istiqamətində iş aparmaq, delimitasiya üzrə işçi qrup yaratmaq və sülh müqaviləsinə hazırlıq işlərinə başlamaq məğlub Ermənistanın yeni gerçəkliklər və situasiya fonunda yeganə seçimi olmalıdır. Bu ölkənin mövcud geostrateji reallıqlar fonunda alternativ imkanı və başqa şansı yoxdur”.
//Gülnarə Abasova, Editor.az

