“Bunlar Məhərrəm ayında qadağan deyil”- İlahiyyatçı bəzi məqamlara AYDINLIQ GƏTİRDİbackend

“Bunlar Məhərrəm ayında qadağan deyil”- İlahiyyatçı bəzi məqamlara AYDINLIQ GƏTİRDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Məhərrəm ayı mübarək aydır. Allah-Təala Qurani kərimdə Məhərrəm ayının haram ay olduğunu buyurub. Haram ay o deməkdir ki, bu ayda müharibə eləmək, özünə zülm etmək olmaz. Bu ay günahlardan qorunma ayıdır. Günahlardan qorunmağı maksimum dərəcədə də çalışmaq lazımdır”.

Bu fikirləri Editor.az-a açıqlamasında İlahiyyatçı alim Əkrəm Həsənov deyib.

Onun sözlərinə görə, bu ay haqqında islam dininə uyğun olmayan anlayışlar var:

” Guya məhərrəmlikdə şadlıq mərasimləri keçirmək olmaz. Bunlar məhərrəmlik ayında qadağa deyil. Bizdə də bunu adət kimi oturuşub. Bir çox hadisələr məhərrəm ayına təsadüf edib. İmam Hüseyn (ə.s) də məhərrəm ayında şəhadətə qovuşsa da, bu ay yas ayı sayılmır. İslamda matəm üç gündür. Buna da səbəb odur ki, uzaqdan gələnlər bir gün çatdırmasalar, xəbəri gec eşitsələr üç gün ərzində gəlib hüzn sahibinə başsağlığı versinlər. Allahın rəsulu üç gündən artıq yas saxlamağı qadağa edib. Özünün yaşadığı dövrdə övladları dünyasını dəyişib, ama onlara görə yas saxlamayıb. Əgər islamda belə adət olsaydı Peyğəmbər və səhabələr bunu edərdilər. Peyğəmbər özü bütün bəşərdən üstün hesab olunur. Onun üçün də yas mərasimləri təşkil olunmur. Çünki, özü bunu qadağan edib. Məhərrəm ayında şənlik keçirmək, toy eləmək icazəlidir. Buna aid qadağa yoxdur. Həm Peyğəmbər, həm səhabələr, həm də imamlar Məhərrəm ayında nigah mərasimləri təşkil ediblər. Məhərrəm ayına yas ayı kimi baxmaq İrandan başqa heç bir ölkədə yoxdur. Bu da məzhəblə bağlı məsələdir. Bütün müsəlman ölkələrində Məhərrəm ayında toy da edirlər, şənlik də keçirirlər. Bizə tarixən İran fars molla rejiminin təsiri olub deyə bu təsirdən bəzən yaşlı nəsillər çıxa bilmirlər”.

İlahiyyatçı Cənnət gənclərinin ağası hesab edilən və yerinin Cənnət olduğunu bildiyi bir Peyğəmbər övladı üçün əsrlərlə yas saxlamağın doğru olmadığını vurğulayıb:

“Bəli, biz onu böyük tarixi şəxsiyyət kimi qoruyub saxlamalıyıq, adını uca tutmalıyıq, onun və babası Peyğəmbərin yolu ilə getməliyik. Amma ona yas saxlamaq, ona görə mərsiyə demək, başını yarmaq, övladına zərər yetirmək cəhalətdən başqa bir şey deyil və ağılsızlıqdır. Allah Rəsulundan (səlləllahu aleyhi və səlləm) eşidilib ki, deyib: Məhərrəm ayı Allahın ayıdır. O ayın Allahın ayına izafə olunması, yəni Allahın ayı adlandırılması onun şərəfli ay olmasına, üstün ay olmasına, hörmətli ay olmasına dəlildir. Yaratdıqları içərisində Allah təala bu Məhərrəm ayını Özünə xas edibdir, necə ki, Məhəmmədin (səlləllahu aleyhi və səlləm) nəsəbini İbrahimin, İshaqın, Yəqubun və başqa peyğəmbərlərin (əleyhissəlam) nəsəbindən üstün edibdir (Li Taifi-l məarif bi ixtisar, səh. 49)… Sadəcə bu aya hörmət əlaməti olaraq günahlardan çəkinmək lazımdır. Dinimizin qadağan etdiyi haramlardan, spirtli içkilərdən uzaq qalmaq lazımdır, söhbət də bundan gedir ki, bütün bunlardan yalnız bu ayda yox, digər aylarda da ömrün boyu uzaq qalmalısan. Bu baxımdan da müasir dövrümüzdə toylarda çox israfçılıq olur, spirtli içkilər verilir və.s. bu baxımdan xalqımız tarix boyu bu aylara hörmət əlaməti olaraq toy eləmirlər. Ancaq bu ayda toy eləmək qadağan deyil”.

//Gülnarə Abasova, Editor.az