İSTİQAMƏT: 6.3.5. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük “Vətən Müharibəsi”ndə qazanılmış tarixi qələbə, Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər, habelə müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması;
Ötən gün Azərbaycan Prezidenti İlham Əliyev “Euronews” kanalına müsahibəsində Azərbaycanla Ermənistan arasındakı münasibətlər və o cümlədən bir sıra vacib məqamlarla bağlı sualları cavablandırıb. Dövlət başçısı Azərbaycanın Ermənistana heç bir ərazi iddiasının olmadığını xatırladıb. Ermənilərin də Azərbaycana qarşı ərazi iddialarının olmamasını istədiyini vurğulayıb: “Qarabağ erməniləri başa düşməlidirlər ki, təhlükəsizlik təminatları, hüquqlarının, o cümlədən təhsil, mədəniyyət, dini, bələdiyyə hüquqlarının təmin edilməsi ilə Azərbaycan cəmiyyətinin bir hissəsi olaraq normal həyat yaşayacaqlar. Düşünürəm ki, onlar mənə qulaq assalar başa düşəcəklər və bilirlər ki, mən sözümə əməl edirəm”.
Azərbaycan Prezidentinin verdiyi mesajlara erməni tərəfin reaksiyası necə ola bilər?
Milli Məclisin deputatı Nəsib Məhəmməliyev Editor.az-a bildirib ki, dövlət başçısı İlham Əliyev “Euronews” kanalına verdiyi müsahibədə Ermənistan-Azərbaycan münasibətlərinin hazırkı vəziyyəti, eləcə də, böyük dövlətlərin, beynəlxalq təşkilatların regiona münasibəti, sülhyaratma proseslərindəki rolu barədə ətraflı şəkildə sualları cavablandırdı:
“Prezidentin toxunduğu hər bir mövzu, son dərəcə aktual xarakter daşıyırdı. Təbii ki, diqqət çəkən əsas məsələlərdən biri, Ermənistan xalqına, Qarabağ ermənilərinə verdiyi mesajlar idi. Cənab Prezident tam səmimi, açıq şəkildə ermənilərə izah etdi ki, indiyə qədər sizin liderlərinizin, erməni ordusunun məğlubedilməzliyi, erməni millətinin ən qədim, mədəni, qeyri-adi millət olduğu barədə uydurduqları çoxsaylı nağıllar mifdən, yalandan başqa bir şey deyil. “Mən, dövlət başçısı olaraq, sizin bütün hüquqlarınızın, təhlükəsizliyinizin təminatçısıyam. Müharibədən, qarşıdurmadan, düşmənçilikdən əl çəkin. Xarici havadarların, revanşist-millətçi kəsimin təsiri ilə. Azərbaycan cəmiyyətinə reinteqrasiya proseslərinə mane olmayın…” Eyni zamanda, Ermənistan dövlətinə müraciətində sərhədlərin qarşılıqlı tanınmasını, kommunikasiyaların açılmasını, bir daha ərazi iddialarından çıxış etməməyi, silahlı terrorçu qrupların Qarabağdan çıxarılmasını şərt olaraq irəli sürdü. Bütün bunlar, beynəlxalq hüququn tələbləridir və regionda sülhün bərqərar olmasının yeganə yoludur”.
Millət vəkili Azərbaycan Prezidentinin verdiyi mesajlara erməni tərəfinin verəcəyi reaksiyaya da toxunub:
“Birmənalı olaraq deyə bilərəm ki, erməni xalqı İlham Əliyevi yaxşı tanıyır. Onlar yaxşı başa düşürlər ki, İlham Əliyev indiyə qədər dediklərini tam şəkildə həyata keçirib. Bunu, erməni kütləvi informasiya vasitələrində, sosial şəbəkələrdə görmək mümkündür. Məsələ ondadır ki, erməni xalqı, yüz ildən artıq bir müddətdə davamlı şəkildə aparılan saxta təbliğatın, dünya güclərinin əlində alətə çevrilmiş diasporanın girovundadır. Nə Ermənistanın, nə də ki, Qarabağda yaşayan erməni toplumun taleyi öz əllərində deyil. Hər ikisi, xarici faktorlardan asılıdır. Bu günki reallıq ondan ibarətdir ki, “erməni məsələsi”nin beynəlxalq gündəlikdən çıxmasını əngəlləyən güclər, bölgədə dayanıqlı sülhün yaranmasını istəmirlər. Başda Ermənistan siyasi hakimiyyəti, daha sonra Qarabağda məskunlaşmış ermənilər özlərində güc, qətiyyət tapmalı, Azərbaycanın irəli sürdüyü şərtləri qəbul etməlidirlər. Əks
halda, yeni toqquşmalar qaçılmazdır”.
Politoloq Ramiz Alıyev isə Editor.az-a bildirib ki, Qarabağda yaşayan əhalidən alət kimi istifadə edən separatçılar və separatçılardan alət kimi istifadə edən müəyyən qüvvələr imkan vermir ki, bölgədə sülh və sabitlik bərqərar olsun:
“Azərbaycan tərəfi dəfələrlə qeyd edib ki, sülh və sabitliyin hökm sürməsi, bölgədə müharibənin olmaması sülh sazişi imzalamalıdır. Ermənistan özü müstəqil siyasət yürütmür. Çünki tapşırıqları bir deyil, bir neçə yerdən alır. Azərbaycan isə rahatdır, öz müstəqil qərarını verir, haqlarını qəti sürətdə tələb edir. Nikol Paşinyan bunu açıq şəkildə etiraf edib ki, o, sülh müqaviləsinin imzalanmasını istəyir, Azərbaycana qarşı heç bir ərazi iddiası irəli sürmür. Ancaq daxildə və xaricdə olan müəyyən qüvvələr var ki, buna imkan vermir”.
Politoloq 2020-ci il, İkinci Vətən müharibəsi dönəmində Prezident İlham Əliyevin dünya mətbuatına verdiyi müxtəlif müsahibələrə diqqət çəkib:
“Bu müsahibələrin davamı hələ də gəlir. Onun verdiyi sözlərin üstündə dayandığını tək Azərbaycan vətəndaşları deyil, bütün dünya ölkələri görür. Xankəndi və ətraf ərazilərdə yaşayan erməni əsilli vətəndaşlarımız cənab Prezidentimizin çıxışına diqqət yetirdikdə görərlər ki, onlar üçün ən ideal seçim Azərbaycan dövlətinin onlar üçün verdiyi imtiyazlardır”.
Gülnarə Abasova, Editor.az
Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.