İSTİQAMƏT: 6.3.12. azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi
Ölkələrin iqtisadi tərəqqisində azad biznes və sahibkarlıq mühitinin vəziyyəti vacib rol oynayır. Bazar iqtisadiyyatının əsas prinsiplərindən olan azad biznes və özəl sektora dövlət dəstəyi faktorları ümumi inkişafın göstəricisinə çevrilir.
Müasir dünyada bazar iqtisadiyyatını azad sahibkarlıq fəaliyyəti və liberal iqtisadiyyat olmadan təsəvvür etmək mümkün deyil. Azərbaycanda azad sahibkarlığın və liberal iqtisadiyyatın inkişafı prioritet istiqamət kimi müəyyənləşdirilib. Ölkəmizdə həyata keçirilən uğurlu iqtisadi islahatlar, biznesə başlama prosedurlarının sadələşdirilməsi, biznes mühitinin yaxşılaşdırılması, sağlam rəqabətin təmin edilməsi, sahibkarlığa dövlət dəstəyinin gücləndirilməsi və s. tədbirlər nəticəsində ölkədə sahibkarlıq fəaliyyəti daha da inkişaf edir.Ölkə iqtisadiyyatının tərəqqisi naminə sağlam rəqabət mühitinin formalaşdırılması üçün liberal iqtisadiyyat və azad sahibkarlıq inkişaf etdirilməlidir.
Lakin bu sahədə bir sıra çatışmazlıqlar da mövcuddur. Bəs bu gün Azərbaycanda iqtisadi cəhətdən liberallaşmanın, azad sahibkarlığın təmin edilməsi istiqamətində hansı problemlər özünü göstərir?
Məsələ ilə bağlı Editor.az-a açıqlama verən iqtisadçı ekspert Əkrəm Həsənov bildirib ki, sahibkarlıq üçün mühitin yaradılması və liberallaşmanın səviyyəsi qənaətbəxş deyil:
“Vəziyyət daha da pisləşməyə doğru gedir. Çünki bütövlükdə bazar iqtisadiyyatının üç əsas təməli var. Birincisi, mülkiyyət hüququnun müdafiəsi, ikincisi bağlanılan müqavilələrin icrası, üçüncüsü isə sağlam rəqabət mühitinin olmasıdır. Bu üç amildə də ciddi problemlər var. Nəinki sahibkarın, adi vətəndaşın da mülkiyyət hüququnun qorunmasında problemlər müşahidə edilir. Bağlanılan müqavilələri güclü tərəf icra etməyə bilər. Sağlam rəqabət isə ümumiyyətlə yoxdur. Əsasən iri məmur biznesi var. Bu üç sütunu isə məhkəmə müdafiə etməlidir. Sahibkarlıq sahəsində heç qanunların özü də qənaətbəxş səviyyədə deyil. Məhkəmələrin əksər hallarda qeyri-peşəkar, ədalətsiz olması da göz önündədir “.
Ekspertin sözlərinə görə, rəqabət məcəlləsi 15 ildən çoxdur ki, qəbul edilmir:
“Bu ilin əvvəlində Milli Məclisin Yaz Əessiyasında qəbul olunacağı bildirilsə də bu məsələyə toxunulmadı. Sağlam rəqabət olmayan yerdə hansı liberallaşmadan danışmaq olar? Son nümunə kimi taksi xidmətini göstərə bilərik. Bu sahəni də yavaş-yavaş ələ almağa çalışırlar. Bu da təbii ki, təmərküzləşməyə səbəb olacaq. Taksi xidməti sahəsində doğrudur hər şey qənaətbəxş deyil. Lakin burada rəqabət var. Rəqabət olduğu üçün də qiymətlər ucuzdur. Bazar iqtisadiyyatı da budur. Tələb və təklifin qarışığı nəticəsində bazar dəyəri alınır. Qeyri-liberallaşma da dövlətin rolunun daha çox olmasıdır”.
Əkrəm Həsənov qeyd edir ki, Azərbaycanda iqtisadiyyatın liberallaşması, azad sahibkarlıq mühitinin olmaması onunla bağlıdır ki, dövlət özü məhdudiyyətsiz sahibkarlıqla məşğuldur:
“Bazar iqtisadiyyatı düzgün olan ölkələrdə dövlət sahibkarlıqla müstəsna hallarda məşğul olur. Və bunun səbəbini də izah edib, əsaslandırır. Məsələn kommunal xidmətlərdə dövlətin sahibkarlıqla məşğul olması başa düşüləndir. Təbii inhisardır. Qiymət də dövlət tərəfindən tənzimlənir “.
İqtisadçı ekspert Natiq Cəfərlinin fikrincə, bu gün Azərbaycanda bazar iqtisadiyyatının elementləri olsa da qiymətli kağızlar birjası yoxdur:
“Valyuta tənzimlənməsi inzibati qaydada həyata keçirilir. Rəqabət məcəlləsi qəbul edilməyib. Bu sahədə ciddi problemlər var. Bütün bunlar iqtisadiyyatın rəqabətli və dayanıqlı inkişafına mane olan faktorlardır. İqtisadiyyatın dayanıqlı və rəqabətli inkişafı üçün ən vacib elementlərdən biri də məhkəmə hakimiyyətinin tez, ədalətli davranmasıdır. Liberal bazar iqtisadiyyatı quran ölkələrə baxanda görürük ki, ilk addımlardan biri həmişə məhkəmə hakimiyyətinin islahatları olub. Bizdə də məhkəmə hüquq islahatı ilə bağlı müəyyən addımlar atıldığının şahidi olmuşuq. Bundan sonra da atılacağı ilə bağlı anonslar var. Lakin hələ də qənaətbəxş səviyyədə deyil ki, bu iqtisadi modelə və yaxud da iqtisadi proseslərə birbaşa və pozitiv yöndə təsir göstərsin. Sadalanan elementlər təmin edilərsə, ölkədə rəqabətli, dayanıqlı iqtisadi modelin yaranması üçün şərait formalaşar “.
Safura Bənnayeva, Editor.az
Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.


