“İki il əvvəl səfirliyimizə məlum hücum, Tehranın istər işğal, istərsə də postmünaqişə dövründə Ermənistana dəstəyi Azərbaycan-İran münasibətlərində zaman-zaman gərginliyin artmasına səbəb olub”.
Bunu Editor.az-a açıqlamasında Milli Məclisin deputatı Könül Nurullayeva deyib.
Millət vəkilinin sözlərinə görə, Prezidentin köməkçisi Hikmət Hacıyevin İrana səfəri, burada keçirdiyi rəsmi görüşlər, bundan əvvəl isə bu ölkənin Milli Təhlükəsizlik üzrə Ali Şurasının katibinin Bakıya səfəri ikitərəfli münasibətlərdə soyuqluğun nisbətən aradan qalxdığını deməyə əsas verir:
“Görüşlərdə səslənən açıqlamalardan aydın olur ki, tərəflər dostluq münasibətlərini sülh şəraitində birgəyaşayış, daxili işlərə qarışmama və mehriban qonşuluq prinsipləri əsasında inkişaf etdirilməsində maraqlıdır. Bu, olduqca vacib məsələdir. Azərbaycan hər zaman bu prinsiplərə sadiq olub. Amma qarşı tərəf əksər hallarda bu prinsipləri pozurdu. Həmçinin Ermənistanın üzərindən oynanılan oyunlara və bütövlükdə region üçün təhdid yaradan addımlara göz yumurdu. Bu da qəbuledilməzdir. Bu gün qarşılıqlı etimadın artırılması tədbirlərini davam etdirmək barədə razılığın əldə olunması da müsbət addımdır. Bu, Zəngəzur dəhlizi ilə bağlı maneələrin aradan qalxacağına ümidləri artırır. Zəngəzur dəhlizi də daxil olmaqla Azərbaycanın müəllifi olduğu bütün layihələr regionun rifahına yönəlib. Bütün region dövlətləri bu prosesə dəstək olmalıdır. Burada ayırıcı xəttlərə yer yoxdur.
İran region ölkəsidir və bölgədə dayanıqlı sülh və təhlükəsizliyin təmin olunması Tehranın da marağında olmalıdır. Azərbaycan heç vaxt İrana qarşı öz ərazisindən platsdarm kimi istifadə olunmasına imkan verməyib. Prezidentin köməkçisi Hikmət Hacıyevin “Azərbaycan tərəfdən İrana heç bir təhdid olmayacaq” fikri rəsmi Bakının bu məsələdə mövqeyinin dəyişmədiyini bir daha təsdiqlədi. İran tərəfi də ölkəmiz əleyhinə başlatdığı kampaniyaları dayandırmalıdır. Azərbaycan bütün qonşularla, o cümlədən İranla normal münasibətlərin tərəfdarıdır. Qarşı tərəf də bunda maraqlı olsa, Bakı ilə Tehran arasında əlaqələrdə keyfiyyət dəyişikliyi mümkün görünür”.
//Gülnarə Abasova, Editor.az