“Bütün dünya Xocalı ilə yanaşı, Qaradağlı faciəsini də tanımalıdır”-Deputat Nəsib Məhəmməliyevlə MÜSAHİBƏbackend

“Bütün dünya Xocalı ilə yanaşı, Qaradağlı faciəsini də tanımalıdır”-Deputat Nəsib Məhəmməliyevlə MÜSAHİBƏ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Editor.az Milli Məclisin deputatı Nəsib Məhəmməliyev ilə müsahibəsini təqdim edir.

-Nəsib bəy, XX əsrin faciəsi Xocalı soyqırımı aqressiv və cinayətkar erməni siyasətinin nəticəsidir. Qarşıdan Xocalı soyqırımının 31-ci il dönümü yaxınlaşır. Həmin tarixi siz necə xatırlayırsınız?

– Xocalı tək Azərbaycan xalqına qarşı deyil, XX əsrdə antibəşəri, insanlıq əleyhinə törədilmiş bir cinayətdir. Buna Ulu Öndər Heydər Əliyevin dövründə hüquqi siyasi qiymət verildi və Xocalı qətliamının beynəlxalq miqyasda tanınması, təbliğ olunması üçün müəyyən addımlar atıldı.  Təkcə ona görə yox ki, Xocalı erməni faşistlərinin törətdiyi qətliamdır. Azərbaycan dövləti, cənab prezident İlham Əliyev və Heydər Əliyev Fondu bu təbliğatı aparır ki, dünyada başqa belə qətliamlar, insanlıq əleyhinə cinayətlər törədilməsin.  700-ə yaxın əliyalın mülki şəxsin bir gecədə silahlı quldur dəstələri tərəfindən qətl edilməsi çox böyük cinayətdir. Bəs nəyə görə Xocalı soyqırımı adlandırırıq? Ona görə ki, Xocalı da törədilmiş qətllər məhz azərbaycanlı olduqları üçün baş verib. Bu isə bütün dünyada ən ağır cinayət hadisəsi hesab olunur. Tək Xocalı da deyil Malıbəyli, Quşçular, Ballıqaya, Qaradağlı və digər ərazilərdə də ermənilər tarixin yaratdığı boşluqdan istifadə edib. Bu boşluq SSRİ-nin dağılmasından sonra Azərbaycanın kifayət qədər ordusunun olmaması, təşkilatlanmış dövlət, idarəetmə sisteminin olmaması aiddir. Həm iqtidar, həm də müxalifətçilər belə vəzifə davası aparırdılar. Bu vəziyyətdən yararlanaraq müdafiəsiz insanları qətlə yetirdilər. Biz bundan nəticə çıxartmalı, xalqımıza qarşı törədilən bu soyqırımı daha geniş formada təbliğ etməli, dünya ölkələri tərəfindən tanınmasını tələb etməliyik. Nə qədər ki, erməni faşizmi bu ideologiyanı aparır, Azərbaycan, Türkiyə əleyhinə ərazi iddialarından əl çəkmir, faşist, revanşist ideologiyaları Ermənistanda hegomonluq təşkil edir, biz Xocalı qətliamından özlərinə qarşı istifadə etməliyik. Artıq dünyanın 10 ölkəsi bu hadisəni soyqırım kimi tanıyıb. ABŞ-ın bir çox ştatları rəsmi olaraq tanıyıb. Biz bu coğrafiyanı genişləndirməliyik ki, gələcək nəsillər bir daha belə qətliamlarla qarşılaşmasınlar. Ərazi bütövlüyümüz uğrunda vuruşmuş, canlarından keçmiş şəhidlərimizə Allahdan rəhmət diləyirəm.

-Xocalıya qədər də ermənilər Bağanis Ayrım, Kərkicahan, Meşəli, Qaradağlı, Başgüneytəpə, Ağdaban,  Ballıqaya,  Başlıbeldə  faciələr törədibdir. Amma demək olar ki, bu gün həmin hadisələrdən dünya ölkələrinin ətraflı məlumatı yoxdur, bunun səbəbi nədir?

-Bunun səbəbi hadisənin konkret miqyası ilə əlaqədardır. Məsələn Meşəlidə, Qaradağlıda və digər ərazilərdə bir gecənin içərisində o qədər insan həlak olmadı. Ancaq bütün bunlara baxmayaraq hər fakt üzrə Azərbaycan hüquq mühafizə orqanları cinayət işi qaldırıb. Bu o demək deyil ki, biz bunları yaddan çıxardırıq. Onların da barəsində ictimai rəy formalaşdırılmalıdır. Hər şeydən əvvəl beynəlxalq ictimai rəyin yaranmasına çalışmaq lazımdır. Ona görə biz bu istiqamətdə də işimizi davam etdirməliyik. Xocalının daha çox təbliğ olunması təbii ki, orada törədilən soyqırımın daha geniş miqyasda olmasından qaynaqlanır. Orada o gecə uşaqlara, qadınlara, qocalara daha amansızcasına qətliam törədildi. Uşaqların dərisinin soyulması, gözlərinin çıxarılması, hamilə qadınların müxtəlif işgəncələrlə qətl edilməsi böyük amansızlıq nümuməsidir. Amma bu cinayətin motivi eynidir. Sırf azərbaycanlı olduqları üçün qətlə yetirilirdilər.

– Qeyd edirsiniz ki, bu soyqırım halları bütün dünyaya tanıdılmalıdır. Sizcə bu müddətə qədər atılan addımlar kifayət edirmi? Daha hansı cür işlər görülməlidir?

– İstənilən halda əldə olunan nəticələr bizimdir. Biz özümüzə qarşı daima kritik, tənqidi mövqeyindən yanaşmağı bacarmalıyıq. Təbliğat daha geniş formada aparıla bilər. Ancaq son 30 ildə aparılan iş bir daha onu göstərdi ki, dövlət bu istiqamətdə öz siyasətini düşünülmüş, əsaslandırılmış və mərhələli şəkildə aparır. Nəticədə dünyada 10 ölkə, ABŞ kimi dövlətin xeyli sayda ştatları ayrı-ayrılıqda Xocalını soyqırım kimi tanıyır. Bu özü böyük bir müvəffəqiyyətdir. İşlər isə davam etdirilməlidir. Xüsusilə də Leyla xanım Əliyevanın apardığı “Xocalıya Ədalət” kompaniyasının müsbət nəticələrini qeyd edə bilərik. Dünyanın bütün coğrafiyalarında bu kampaniya aparılıb. Bu gün Xocalı ilə bağlı dünya siyasi elitası və əksər cəmiyyətlər məlumatlıdır. Bu da dövlətin apardığı müsbət işin nəticəsi kimi qiymətləndirilməlidir.

//Safura Bənnayeva, Editor.az