“ABŞ tərəfindən Ukraynaya olan dəstəyin böyük ölçüdə geri çəkməsi Rusiyanın əl-qolunu açıb. Cəbhə boyu və Kurskda bəzi irəliləyişlərə nail olub”.
Bu sözləri Editor.az-a açıqlamasında siyasi analitik Azər Qasımov deyib.
O bildirib ki, Vaşinqtonun Ukraynaya qarşı etdiyi satqınlıq Rusiyanın işinə yaradı:
“Amma bu, Ukrayna xalqı və ordusunda ruh düşkünlüyü yaratsa da, hələlik Rusiya ordusu məqamdan istifadə edib ciddi uğurlar əldə edə bilmir. Trampın Ukrayna Prezidentinə və xalqına qarşı atdığı addımlar heç bir sivil keyfiyyətlərə sığmır. Bu, müsbət niyyətlər adı altında işğalı və işğalçını dəstəkləmək, həm də bunu təşviq etməkdir. Dünyada mövcud olan beynəlxalq hüququn ayaqlar altına atılması deməkdir”.
A. Qasımovun sözlərinə görə, Ukrayna öz ümidlərini Avropa Ittifaqının dəstəyinə bağlayıb:
“Göründüyü kimi hələlik Avropada beynəlxalq hüquq dəyərləri mövcuddur və yaranmış yeni geosiyasi durumda öz siyasətlərinə yenidən baxmağa məcbur olublar. Avropa NATO-nun
birliyinə və bütövlüyünə olan ümidini itirib. Yenidən hansısa hərbi birlik yaranması barədə fikirləşir. Ordu yaradılması və silahlanma, silah-sursat istehsalı barədə qərar qəbul edirlər. Dünya artıq dilemma qarşısındadır. Dövlətlər müəyyən mənada tək qaldıqlarını anlayır, özlərinə dəstək və dayaq axtarırlar. Avropa uzun illərdir yaşadığı firəvan həyat yuxusundan ayılır. Avropa vətəndaşlarının hərbiyə çağrılması, hətta qadınların belə orduya çağrılmadından danışıqlar gedir. Bu isə Avropa vətəndaşlarının psixologiyasını pozur. Avropa buna görə bu şəraitdə tezliklə ordu yaratmaq mümkün deyil. Olsa belə, belə ordunun döyüşkənlik qabiliyyətinin hansı səviyyədə olması sual doğurur. Bu baxımdan Avropa çıxış yolunu Türkiyə ilə ittifaqda görür. Türkiyə də buna isti baxır. Hesab edirəm ki, dünya artıq qütbləşməyə başlayır. Bunun də nəticəsini Ukrayna müharibəsinin nəticələri müəyyən edəcək. Ukraynanın məğlub olması Avropanın da məğlub olması kimi qəbul ediləcək. Avropa bu məğlubiyyəti qəbul edə bilməz və etmir də. Görünən odur ki, bu müharibənin sonu hələlik bəlli deyil. Amma nəticənin böyük ölçüdə Ukraynadan və onun xalqından asılı olacağı şübhəsizdir. Döyüşkən xalq kimi Ukrayna xalqının isə məğlubiyyətlə barışmayacağı da aydındır. Ona görə bütün dünyanın taleyini Ukrayna müəyyən edəcək”.
//Gülnarə Abasova, Editor.az