Dünən Qarabağ futbol klubunun qazandığı qələbə həm idman arenasında, həm də xalqın qürur hissində dərin iz buraxdı. Bu uğur yalnız oyun nəticəsi deyil, həm də milli birliyin, zəfərin və mübarizə ruhunun simvolik təcəssümüdür. Komandanın mübarizəsi gənclər üçün motivasiya, beynəlxalq səviyyədə ölkəmizin imici üçün isə güclü mesaj oldu. Hər dəqiqəsi həyəcan dolu olan bu oyun, Qarabağ adının beynəlxalq arenada nə qədər böyük məna daşıdığını bir daha göstərdi.
Milli Məclisin deputatları məsələ ilə bağlı öz fikirlərini Editor.az-a bölüşüb.
Millət vəkili Vüqar İskəndərov Editor.az-a bildirib ki, Qarabağ futbol klubu Azərbaycanın həm Qarabağ üzərindəki, həm Şərqi Zəngəzurdakı vətən torpaqlarımızın işğaldan azad olunması və suverenliyimizin bərpa edilməsini idmana transformasiya formasında böyük qələbəmizi simvolik əks etdirir:
“Biz dünyada nadir ölkələrdən biriyik ki, öz gücümüzə, qətiyyətimizə, liderimizin siyasi biliklərinə, uğurlu həm daxili, həm xarici siyasətinə və ordumuzun gücünə, xalqımızın birliyinə qazandığımız bu möhtəşəm qələbə bizi dünyanın ən qürurlu, ən müzəffər xalqına çevirdi. Çünki Qarabağ sözü hal-hazırda beynəlxalq idman arenalarında bizim o qələbəmizi simvolik mənada özündə əks etdirir. Təbii olaraq ən çətin situasiyalardan sona qədər döyüşərək uğurlu nəticə qazanmaq, yenə də bir siyasətçi kimi onun siyasi tərəfini bir simvolizə edir. Biz də uzun illər çox çətin məşəqqətli yollardan keçdik. 30 ilə yaxın Qarabağ həsrəti ilə yaşadıq, amma dayanmadıq. Cənab Prezident, ulu öndərin qoyduğu uğurlu və dayanıqlı siyasəti keyfiyyətcə yeni formada, yeni tələblərə uyğun davam etdirdi. Xalqın birliyi qorundu, hər bir insan yalnız qələbə əzmi ilə hər gün yaşadı və biz o böyük qələbəni qazandıq.
Bax, Qarabağ da, futbol klubu da son ana qədər, hətta geridə olsa belə mübarizəsini bir an dayandırmadı. Məğlub olmaq istəmədiyini ortaya qoydu. Döyüşərək hətta 11 nəfər futbolçuya yox, hakimlərlə birlikdə 15-16 nəfərə qalib gələrək özünün qalibiyyətini legitimləşdirdi. Burada klubun sona qədər döyüşdüyü mübarizliyi, hətta ilahi ədalətin də bizim yanımızda olduğunu göstərdi. Çünki cənab Prezident də öz təbrik məktubunda, yazısında bunu göstərdi ki, hakimlərin bu qədər qərəzli olmasına baxmayaraq, onların hansı meyarlarla bu oyunu idarə etməyə gəlmələrinə və qərəzi görmələrinə baxmayaraq Qarabağ klubu bu möhtəşəm qələbəni bu gün həm azarkeşlərinə, həm xalqımıza yaşatdı. Bu gün bir Qarabağ rüzgarı bu gün Avropada əsməkdədir”.
V. İskəndərov Qurban Qurbanov başda olmaqla, bütün Qarabağ futbol klubunun oyunçularını, əməkdaşlarını və azarkeşlərini ürəkdən təbrik edib:
“Xalqımızı təbrik edirəm və düşünürəm ki, bu qələbələr seriyası davamlı olacaq. Biz həm siyasi, həm hərbi arenalarda qazandığımız uğurları idman meydanlarında da davam etdirə biləcəyik. Təbii olaraq böyüməkdə olan gənc nəsil həm idmana cəlb olunmalarında belə böyük nəticələrin əvəzsiz rolu var, həm gənclərimizin zərərli vərdişlərdən uzaqlaşmasında idmanın çox böyük rolu var. İdman yarışlarında qazandığımız uğurlu nəticələr həm də gənclərimizin milli mənəvi dəyərləri, həm onların sağlam böyümələri, zərərli vərdişlərdən kənar olmaları üçün də çox böyük stimul rolu oynayır. O cümlədən, idmançılarımızın beynəlxalq yarışlarda qazandığı uğurlar həm də yeniyetmə və gənclərimizin həyat fəaliyyətlərinə öz müsbət təsirini göstərir. Bu mənada düşünürük ki, Azərbaycan idmanı inkişaf etdikcə bu həm də gənc nəslə çox böyük mənəvi, fiziki tərbiyələrində dəstək göstərmiş olur”.
Millət vəkili Naqif Həmzəyev isə bildirib ki, Qarabağ klubunun əldə etdiyi qələbə həqiqətən çoxşaxəli təsir bağışlayır:
“Gənclər arasında idmana maraq baxımından, belə uğurlar bir neçə cəhətdən stimullaşdırıcı rol oynayır. Yerli klubun beynəlxalq arenada nümayiş etdirdiyi performans gənclərə ‘mən də bacararım’ hissiyyatı aşılayır – öz ölkələrindən olan futbolçuların Avropa səviyyəsində uğur qazanması onlar üçün daha əlçatan, real bir hədəf kimi görünür.
Futbol kimi komanda idman növləri gənclərdə intizam, məqsədyönlülük və kollektiv işləmək bacarıqları inkişaf etdirir ki, bu da təkcə idmanda deyil, həyatın digər sahələrində də faydalıdır. Sosial birləşmə aspektindən baxdıqda, idman uğurları çox güclü birləşdirici funksiya yerinə yetirir. Qarabağ komandası xüsusilə simvolik önəm daşıyır – adı və tarixi ilə müəyyən milli-mənəvi dəyərləri təmsil edir. Komandanın uğurları zamanı müxtəlif yaş, sosial təbəqə və regionlardan olan insanlar eyni sevinc ətrafında birləşirlər. Bu, günlük həyatda bəlkə də kəsişməyən insanlar arasında ortaq identiklik və vətəndaşlıq hissi yaradır”.
O həmçinin bildirib ki, beynəlxalq arenada nümayiş olunan uğurlar ölkənin imicini möhkəmləndirir və xüsusilə gənc nəslə öz ölkələrinə, milli idman potensialına inamı artırır:
“Bu, öz növbəsində, sadəcə idmana deyil, müxtəlif sahələrdə – təhsildə, sənətdə, texnologiyada da daha iddialı olmağa ruhlandıra bilər. Qarabağ futbol komandasının baş məşqçisi Qurban Qurbanov və bütün futbolçuları, azarkeşləri ürəkdən təbrik edirəm. Ümid edirəm ki, sonuncu oyunlarımızdan da xal qazanaraq ilk 24-lüyə qalaraq yenidən tarix yazacağıq”.
//Gülnarə Abasova, Editor.az

