Canlı və realistik yuxular daha keyfiyyətli yatmağa kömək edir- ARAŞDIRMAbackend

Canlı və realistik yuxular daha keyfiyyətli yatmağa kömək edir- ARAŞDIRMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Canlı, emosional və hadisələrlə zəngin yuxular dərin və bərpaedici yuxu hissini gücləndirə bilər. Bu nəticəyə İtaliyanın Lucca şəhərində yerləşən IMT Qabaqcıl Araşdırmalar Məktəbinin tədqiqatçıları gəliblər.

Editor.az xəbər verir ki, araşdırmanın nəticələri PLOS Biology jurnalında dərc olunub.

Alimlər uzun müddətli yuxudan sonra bəzi insanların özlərini yorğun hiss etməsinin, digər günlərdə isə daha qısa müddətdə belə yaxşı istirahət etmiş kimi oyanmasının səbəblərini izah etməyə çalışırlar. Ənənəvi olaraq hesab edilirdi ki, dərin yuxu hissi əsasən beynin yavaş dalğa aktivliyinin üstünlük təşkil etməsi ilə bağlıdır. Lakin yeni tədqiqat göstərir ki, yuxuların məzmunu da bu prosesdə mühüm rol oynaya bilər.

Bu fərziyyəni yoxlamaq üçün tədqiqatçılar 44 yetkin könüllünün elektroensefaloqrafiya (EEG) göstəricilərini təhlil ediblər. Dörd gecə ərzində iştirakçılar REM mərhələsindən kənar yuxu zamanı dəfələrlə oyadılıb və onlardan yuxu görüb-görmədikləri, eləcə də yuxularının nə qədər dərin olduğunu necə hiss etdikləri soruşulub.

Təhlil nəticəsində məlum olub ki, beyin dalğalarının sürətlidən yavaşa keçidi həqiqətən də dərin yuxu hissi ilə əlaqəlidir. Bununla belə, iştirakçılar yuxu gördüklərini bildirdikdə bu əlaqə zəifləyib. Əksinə, yuxu epizodlarından sonra subyektiv yuxu dərinliyi göstəricisinin daha yüksək olduğu müşahidə edilib.

Bu təsir xüsusilə yuxular canlı, qeyri-adi və emosional baxımdan zəngin olduqda daha qabarıq şəkildə özünü göstərib. Belə yuxular daha çox dərin və dinləndirici yuxu hissi ilə müşayiət olunub. Buna qarşılıq, daxili dialoqa bənzər daha abstrakt yuxular əsasən səthi yuxu hissi ilə əlaqələndirilib.

Müəlliflərin fikrincə, yaxşı keçirilmiş bir gecə yuxusunun hissi təkcə yuxunun fizioloji mərhələlərindən deyil, həm də insanın özünü yuxular aləminə nə dərəcədə cəlb etməsindən asılıdır. Tədqiqatçılar hesab edirlər ki, yuxular insanın xarici mühitdən ayrılmasına və daha tam istirahət hissinin formalaşmasına kömək edə bilər.

//Gülnarə Abasova, Editor.az