Casusluğu sübuta yetirildi – 16 il cəza aldıbackend

Casusluğu sübuta yetirildi – 16 il cəza aldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xarici xüsusi xidmət orqanlarına casusluq etməkdə ittiham olunan Mirhafiz Cəfərzadənin cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən sonuncu iclasda hökm oxunub.

Səbinə Məmmədzadənin sədrlik etdiyi məhkəmə tərkibi belə qənaətə gəlib ki, təqsirləndirilən şəxsə elan edilmiş ittiham kifayət qədər dəlil və sübut, həmçinin şahid ifadələri ilə öz təsdiqini tapıb.

Hökmə əsasən, M.Cəfərzadə casusluq formasında dövlətə xəyanətdə təqsirli bilinərək 16 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.

İş materiallarından görünür ki, Mirhafiz Cəfərzadənin əməlləri Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən terrorçuluqla mübarizə tədbirləri zəminində əməliyyat-istintaq hərəkətləri həyata keçirilən zaman üzə çıxıb.

Müəyyən edilib ki, Mirhafiz Mirisaq oğlu Cəfərzadə xarici xüsusi xidmət orqanları ilə məxfi əməkdaşlıq edərək Azərbaycanın dövlət təhlükəsizliyi və müdafiə qabiliyyətinin zərərinə verilmiş tapşırıqların yerinə yetirilməsi istiqamətində fəaliyyət göstərmiş, hərbi təyinatlı obyektlərin yerləşdiyi əraziləri dəqiqləşdirməklə onların lokasiyasını və digər məlumatları “Telegram” tətbiqi sistemi vasitəsilə göndərib.

Qeyd olunan əməllərinə görə, M.Cəfərzadə istintaqa cəlb edilib və ona qarşı Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham elan olunub.