Cavan kadr cildində…canavarlarbackend

Cavan kadr cildində…canavarlar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu, sadəcə rüşvət yığmaq görməmişliyi, cinayət məcəlləsində hansısa maddə ilə nəzərdə tutulan qanunsuzluq deyil, həm də dövlət siyasətinin sabotajdır, sarsıdılması əməlidir!

Koronavirus xəstəxanalarının baş həkimlərinin həbsi səhiyyə sistemində korrupsiyanın daha da irəlilədiyini, tibbi dillə desək, çoxdan irinlədiyinin sübutudur. Həbs edilən baş həkimlərin karyeralarına baxırsan, adam heyrətə gəlir. Yaxşı təhsil, xarici ölkələrdə praktika, prestijli hospitallarda baş həkimlik, elmi işlər və… Sonda bu boyda ləkə!

İndi deyirlər ki, bu biabırçı faktlar barədə əvvəldən də cəmiyyətdə söz-söhbət varmış. Bəs niyə susublar? Xəstə yaxınını bəlkə də anlamaq mümkün- doğmalarının hayında olublar. Bəs, bu xəstəxanaları bir yoxlayan, bir zarıldayan, şikayət edənə qulaq verən yoxmuşmu? “Mış”, “miş”… daha kimin nəyinə lazımdır bunlar?

Bu da cavan kadr(lar)… “Ölkədə cavanlara yol açmaq lazımdır” deyib boğazımızı yırtırıq, budurmu cavan dediyimiz kadrlar? Bu adamlar cavan deyilmiş ki, canavarlarmış… Xəstə yaxınlarının ciblərini, həm də duyğularını acımasızca sümürən canavarlar…Bəli, o qədər vicdanlı, əqidəli, gözütox, milli olan cavan kadrlar da var ki… Amma bir çox savadlı gənc kadrlar iş tapa da bilmir, bu arxalı cavanlar isə dövlətin onlara verdiyi görəvi, məsuliyyəti beş-on manata dəyişirlər…

Başqa maraq edilən suallar da var. Bu pulu necə ailələrinə aparırlar, necə uşaqlarına hədiyyə alırlar, necə gecə rahat yatırlar? Bu, əlbbətə, bir mənəviyyat məsələsidir. Acı dilli həkim olar, özündən razı həkim olar, lap savadı az olan həkim də olar, amma vicdansız və ürəksiz həkim olmaz! Bunlar ürəksiz və vicdansız olublar. Amma arxasız olmayıblar. Yoxsa dövlətin müalicə müəssisində açıq bazar açmağa risk etməzdilər.

Marketdəki kassir müştəridən 10 qəpik artıq ala bilməz, rəhbərlik onun gözünü oyar. Amma bu adamlar hamının gözü qarşısında rüşvət alıblar, siyahılar tutublar, xəstələri “pullu” “pulsuz” deyib sortlara, həm də “yaxşı”, “pis” palatalara ayırıblar. Pullu xəstələrə VİP otaqlar verilib, yaxşı müalicə vəd ediblər. Başqaları da qalıb yəqin digər həkimlərin, tibb personalının vicdanına. İndi kim deyə bilər ki, iki ağır xəstə gələndə reanimasiyaya pul aldıqlarını salıb, o biri yetimi taleyin ümidinə buraxmayıblar? Bu belə olmayıbsa belə, artıq kimsəni bunun əksini inandırmaq da çətindir. Bu həbslər ölkənin onsuzda xəstə olan səhiyyəsində neştərlə daha bir yara açdı.

Həkimlərin xəstədən pul alması, əlbəttə indi olan iş deyil. Bu sovet səhiyyə sisteminin gətirdiyi bəladır, kimlərsə qurtulub, biz isə qurtula bilməmişik. “Pul verməsək, xəstəmizə yaxşı baxmazlar” deyib, borc-xərc qapıçıdan tutmuş xadiməyədək pul vermişik, indi də yolumuz düşəndə veririk, buna həm də məcburuq, lap dəqiqi məhkumuq.

Amma bu koronavirus axı başqa bir bəladır, dünyanı və bizi elə bir yerdə yaxalayıb ki, nə edəcəyimizi hələ də heç bilmirik sabah nə olacaq, bu bəlanın nə vaxt bitəcəyi də bir müəmma… Bu dünyanı bürüyən bəlada bir ölkə həkimləri vaksin tapır, bir ölkə virusoloqları gecə-gündüz bilmədən yeni müalicə metodları işləyir. Bizim tibb elminin bu mübarizəyə heç nəylə qatqısı yoxdur. Amma sən demə, varmış. Koronavirus bəlasından pul qazanmaq!

Həbslərlə bağlı əməliyyat çəkilişlərinə baxdınızmı? Heç biri iş otağında həkim xalatında deyildilər. Məmur kimi, nazir kimi, lap bazarkom kimi…

Kimsiniz axı sız? Bu xalqın canı yanıb, 3 minədək nər kimi övladlarını torpağa verib, nə qədəri hələ də xəstəxana palatalarındadır. Dövlət bütün imkanları ilə koronavirus bəlası ilə mübarizədə də vətəndaşının, yaralısının, qazisinin yanındadır. Bunlar kimin yanındadır? Kimdir bu adamlara “çapın-talayın” əmri verənlər?

Bu, sadəcə rüşvət yığmaq görməmişliyi, cinayət məcəlləsində hansısa maddə ilə nəzərdə tutulan qanunsuzluq deyil, həm də dövlət siyasətinin sabotajdır, dövlətə inamın sarsıdılması əməlidir! Mənim qiymətləndirməm budur…

//Nazim Sabiroğlu, “Yeni Müsavat”