“15 iyun Milli Qurtuluş Günü Azərbaycanda tarixi gündür. 15 iyun Ulu öndər Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəldiyi gündür və bu gün Azərbaycanda bayram kimi qeyd olunur”
Bu sözləri editor.az-a açıqlamasında Milli Məclisin deputatı Cavanşir Paşazadə deyib.
Millət vəkili bildirib ki, 1993-cü ildə 15 iyun Ulu öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı həm strateji, həm də ümummilli baxımdan çox mühüm əhəmiyyət kəsb edən hadisə idi:
“Bu tarixi bəlkə də gənclər xatırlamaz. 1993-cü il 15 iyun tariximizə Azərbaycanın xilas günü kimi daxil olub. Azərbaycanın parçalandığı, hərc-mərcliyin baş alıb getdiyi, qonşu dövlətlərin ərazilərimizə göz qoyduğu çətin bir dövrdə xalqın çağırışı ilə rəhbərliyə gələn Heydər Əliyevin prinsipial siyasəti nəticəsində ölkəmizdə sabitlik yarandı. Azərbaycan dağılmaqdan, iflasdan, iqtisadi tənəzzüldən, xaosdan, özbaşınalıqdan xilas oldu. Qısa zamanda xarici ölkələrlə dostluq əlaqələri yarandı. Bu Heydər Əliyevin şəxsi əlaqələri və dünyada tanınan şəxsiyyəti, nüfuzu hesabına baş verdi. O dövrdə Azərbaycan Ulu öndərin adı ilə tanınırdı. Ümummilli lider Heydər Əliyev Azərbaycan xalqı və dövləti üçün misilsiz xidmətlər göstərib. Onun atdığı hər addım bizim tariximizdir”.
Cavanşir Paşazadə qeyd edib ki, Ümummilli Lider Heydər Əliyev yolunun layiqli davamçısı olan Prezident İlham Əliyevin gərgin əməyi, uzaqgörən xarici və daxili siyasəti nəticəsində Azərbaycan dünyada söz sahibi olan ölkəyə çevrildi:
“Prezident İlham Əliyevin özünün də dediyi kimi, o, ata vəsiyyətini yerinə yetirərək Qarabağı işğalçı ermənilərdən azad etdi. 30 ildə neftdən gələn vəsaitin hesabatını tələb edənlər, orduya ayrılan vəsaiti sorğu-sual edənlərin hamısı susduruldu. Prezident İlham Əliyevin müdrik qərarlarının nəticəsində Azərbaycan ordusu 44 günə 30 illik problemi həll etdi.”
//Gülnarə Abasova, Editor.az

