“Bir neçə gün öncə Bakıda gecə klublarının birində baş verən partlayışla bağlı ictimaiyyət arasında yaranan fikir ayrılıqları hələ də davam edir. Bəziləri qəbul etmək istəmir ki, bu hadisənin dinlə heç bir əlaqəsi yoxdur. Belə bədbəxt bir hadisədən heç kəs sığortalanmayıb”.
Bu sözləri Editor.az-a açıqlamasında Milli Məclisin deputatı Cavanşir Paşazadə deyib.
Millət vəkili qeyd edib ki, dünyada bir çox dini mərkəzlərdə, idarələrdə, məscidlərdə belə partlayışlar baş verib:
“O zaman kim deyə bilərdi ki, buradakı insanlar da Allahın qəzəbinə tuş gəlib? Baş verən hadisə Allahın qəzəbi ilə yox insan məsuliyyətsizliyi, diqqətsizliyi ilə bağlıdır. Çox təəssüf ki, belə bir hadisələr qaçılmazdır. Sivil bir ölkədə insanları ramazan ayında oruc tutmadıqlarına, klubda əyləndiklərinə görə qınamaq doğru deyil. Buna nə dövlət, nə də cəmiyyət qarışa bilməz”.
Eyni zamanda, deputat hadisə nəticəsində dünyasını dəyişənlərə Allahdan rəhmət, yaralananlara isə tezliklə şəfa diləyib.
//Gülnarə Abasova, Editor.az

