Çavuşoğlu həmkarları ilə görüşür: liderlər səviyyəsində müzakirələr mümkündürbackend

Çavuşoğlu həmkarları ilə görüşür: liderlər səviyyəsində müzakirələr mümkündür

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Rusiyada səfərdədir. O, bu gün həmkarı Sergey Lavrovla görüşəcək. Sabah isə Ukraynaya səfər edəcək.

Göruşün əhəmiyyətini Editor.az-a şərh edən  Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin eksperti  Kənan Novruzov bildirib ki, Ankara daimi atəşkəsə nail olmaqda israrlıdır:

“Antalyada keçirilmiş üçtərəfli görüşdən sonra Çavuşoğlunun Lavrovla iki, Kuleba ilə bir dəfə telefon danışığı da bunu təsdiqləyir. Çavuşoğlu dünən jurnalistlərə açıqlamasında humanitar dəhlizlərin açılması istiqamətində irəliləyişin olduğunu demiş və yaxın günlərdə xoş xəbərin olacağını bildirmişdi. O, bu fikri Lavrovla telefon danışığından sonra səsləndirmişdi. Görünür, Rusiya sanksiyaların “nəfəsini” artıq hiss edir. Odur ki, daha konstruktiv mövqe sərgiləməyə çalışır. Bu günkü və sabahkı görüşlərin əsas müzakirə mövzusu, yəqin ki, humanitar dəhlizlərin açılması olacaq. Sözügedən mövzuda razılığın əldə olunması mümkündür. Beləliklə, tərəflər arasında gərginliyin azalması istiqamətində ilk addımlardan biri atılacaq”.

Ekspert hesab edir ki, liderlər səviyyəsində təmaslar da baş tuta bilər:

“Çünki hər üç tərəf başa düşür ki, “iş cığırından çıxır”. Müharibənin daha da uzanması tərəflərə sərf etmir. Hərçənd Qərbin istədiyi də məhz budur. Odur ki, müəyyən mənada Kiyevi dəstəkləyir və daimi atəşkəsin təmin olunmasına mane olur. Proseslər onu göstərir ki, Çavuşoğlu ilə Lavrovun müzakirələri daha gərgin keçir. Bu, təbiidir. Çünki Kremlin ambisiyaları daha çoxdur. Kiyev isə sadəcə rus qoşunlarının ölkəsindən çıxmasını istəyir.
Görüşlərin gərgin və səmərəli keçəcəyini düşünmək olar. Yəqin ki, diplomatlar müzakirələrdən sonra jurnalistlərə açıqlamasında da bu barədə deyəcəklər. Bütün məkrli planlara rəğmən, Ankaranın “bu oyunu pozacağına” ümid edək”.

//Gülnarə Abasova, Editor.az