Çavuşoğlunun mesajının şifrələri- Ermənistan ya dərs çıxarmalıdır, ya da…backend

Çavuşoğlunun mesajının şifrələri- Ermənistan ya dərs çıxarmalıdır, ya da…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu dünən ölkəsinin xarici dövlətlərdəki səfirlərinin 13-cü konfransının açılışında Cənubi Qafqazdakı durumdan danışıb. O, daim Azərbaycanın yanında oluqlarını söyləyib. “Türkiyə Qarabağda haqlının yanında oldu. Müharibə başlayanda Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsini dəstəklədik. Sonra regional əməkdaşlıq üçün səylərimizi davam etdirdik”.

Çavuşoğlu, həmçinin Ermənistana xəbərdarlıq edib və deyib ki, təxribatlar davam etməməlidir. Bu, ciddi mesajdır. Doğrudur, Ankara İrəvanla diplomatik münasibətlərin bərpa olunmasında maraqlıdır. Bu proses davam edir. Lakin Çavuşoğlunun fikrindən belə qənaətə gəlmək olar ki, Ermənistanın təxribatları Türkiyə ilə münasibətlərə də zərbə vura bilər. Başqa sözlə desək, Ankara bu proseslərə səssiz qalmayacaq.

Siyasi şərhçi Kənan Novruzov Editor.az-a açıqlamasında bildirib ki, Ukrayna ilə əlaqədar olaraq Rusiyanın Cənubi Qafqazdakı təsir gücünün azalması fonunda Ermənistan özünə yeni “çətir” axtarır: “Bu mənada Ankara ilə diplomatik münasibətlərin bərpası İrəvan üçün xüsusi əhəmiyyətlidir. Ermənistan Baş naziri Nikol Paşinyan başa düşməlidir ki, provokasiyalar regiondakı etimad mühitinə zərbə vurur. Deməli, Paşinyan ya ikibaşlı xarici siyasətini dayandıraraq sabotajlara son verməli, ya da təxribatlara rəvac verən güclərə etirazını bildirməli, bunun qarşısını almalıdır.Türkiyə Vətən müharibəsinin ilk günündən son gününədək Azərbaycanın yanında olmuşdu. Ermənistan bunu xatırlamalı və başa düşməlidir ki, təxribatları nəticəsində növbəti savaş başlayarsa, yenə eyni situasiya ilə qarşılaşacaq. Üstəlik, nə Rusiya Ermənistanı sonadək müdafiə edəcək, nə də Qərb. Çünki heç biri Ankara münasibətləri pisləşdirmak istəməz. Xüsusilə də İrəvana görə. Çavuşoğlunun dediklərinin arxasında məhz bu məqamlar dayanırdı. Rəsmi İrəvan ismarıclardan dərs çıxarmalıdır. Əks halda regional əməkdaşlıqdan təcrid oluna bilər”.