“Cəmiyyətin bitməyən aqressiyanı yalnız məktəbə, bağçaya aid etmək doğru deyil. Bu, bütün qurumlarda var. Pandemiyanın psixoloji fəsadları, ev həbsinə gətirib çıxaran sərt karantin, müharibə dövrünün yaratdığı müəyyən həssasiyyətlər hər bir həssas insanın həyat tərzində, xarakterində müəyyən travmalar yaratdı. İnsanlar sosiallaşdıqca isə bu travmalar özünü göstərməyə başlayır”.
Bu sözləri Editor.az-a açıqlamasında psixoloq Fərqanə Mehmanqızı deyib.
Psixoloq qeyd edib ki, çətinliklərdən doğan bir sıra səbəblər fonunda valideynlərin ailədə, müəllimlərin məktəbdə, tərbiyəçinin bağçada uşaqlara göstərdiyi reaksiya cəmiyyətdə dövr edən aqressiv xaosun nəticəsidir:
“Bu təkcə məktəbdə, bağçada belə deyil. Əgər bir ailədə aqressiya varsa və bu ailədən çıxan hər bir şəxs ayrı-ayrı müəssisələrdə çalışırlarsa, deməli aqressiya get-gedə yayılır və böyüyür.Bu gün isə cəmiyyət baş verən neqativ hallar məktəb və bağçanın fonunda yayıldığı üçün onlar əsas qorxu mənbəyinə çevrilib”.
Psixoloqun sözlərinə görə, sosial şəbəkələrdə bağçalar, məktəblərlə bağlı yayılan neqativ videolar valideynləri övladlarını bağçaya göndərməkdən çəkindirir:
” Onda həmin valideyn övladını küçəyə də çıxartmasın. Bağçadakı aqressiya küçələrdə də dolaşır. Cəmiyyət olaraq dalğavari stressdən qurtulsaq bu, bağçalara, məktəblərə də müsbət təsir edəcək. Bu günkü dövrün uşaqları əvvəlki uşaqlardan dəfələrlə fərqlənir. Artıq keçmiş zəmanənin övladları yoxdur. Bunu bir çox insan qəbullansa da boynuna almaq istəmir. Məktəbdə müəllim-şagird münasibətləri də dəyişib. İllər öncəki müəllim tipajını axtarmaq düzgün deyil. Çünki indi şagirdlər də, təhsil metodikası da dəyişib. Yeniliklər bizim cəmiyyətdə hər zaman çətin qəbul edilir. Bu gün yeni, daha sərbəst təhsil strukturunu müəllimlər də qəbul etmir”.
//Gülnarə Abasova, Editor.az

