Xəbər verdiyimiz kimi dünən xalq artisti Ağadadaş Ağayev və tanışı arasında əlbəyaxa dava olub. Hadisə sosial şəbəkələrdə və mətbuatda gündəm olub.
Dəfələrlə ölkədə iş adamları, ictimai-siyasi şəxslərin başlarına gələn hər hansı hadisələrə həddindən artıq aqressiv reaksiya nümayiş etdirdiyinin, fiziki zorakılığa əl atdıqlarının şahidi olmuşuq. Maraqlıdır, cəmiyyətə nümunə olmalı olan şəxslərin bu cür davranışları normaldırmı?
Məsələ ilə bağlı Editor.az-a fikirlərini bölüşən Milli Məclisin deputatı Cavanşir Paşazadə hadisəni mətbuatdan izlədiyini və çox təəssüf hissi keçirdiyini bildirib:

“Ağadadaş Ağayev çox dəyərli sənətkarımız, müəllimimizdir. Mən onu çox sakit insan kimi tanıyırdım. Ola bilsin ki, hadisə anında əsəbləşib bu qədər aqressiv reaksiya verib, özünü saxlaya bilməyib. Həm də o, xəstə idi, uzun müddətdir ki müalicə alırdı. Ola bilsin ki, özündən aslı olmadan ona layiq olmayan hərəkətlər nümayiş etdirib. Ancaq hər bir halda bu, belə olmamalı idi. Çünki bizim ziyalılarımız, ictimai-siyasi xadimlərimiz öz danışıqları, hərəkətləri ilə başqalarına nümunə olmalıdır. Xüsusilə yaşlı insanlar öz yaşlarına uyğun davranmalıdır. Hesab edirəm ki, bu məsələ tezliklə öz həllini tapacaq, hər iki tərəf səbr nümayiş etdirib barışacaqlar”.
“Bizimyol.info” qəzetinin baş redaktoru Bahəddin Həzi də Editor.az-a məsələ ilə bağlı öz fikirlərini bölüşüb:

“Bu haqda yazıçı Aqşin Yeniseyin maraqlı və haqlı fikri var: müğənnidən nümunəvi ziyalı obrazı yaradırıq, sonra da qalırıq əlində. Bu insidentdə hər iki tərəf günahkar görünür. “Görünür” sözünü ona görə deyirəm ki, biz bu hadisənin videosuna baxıb fikir bildiririk. Bu hadisəyə qədər və bu hadisədən sonra – davamında nələr olub-bitdiyini tam bilmirik. Bunu araşdırma ortaya çıxara bilər. Hər halda cəmiyyət üçün utancverici hadisədir. Hamının insan kimi özünəxas zəiflikləri ola bilər, var da. Ancaq adında “xalq artisti” ünvanı daşıyan kəs bunun şərəfini daşımaqla yanaşı, mənəvi məsuliyyətini də hiss etməlidir. O fəxri adı necə, nə yolla aldığını hələ bir kənara qoyuram. “Xalq artisti” adlanan kəs xalqa balta atır. Hadisənin anlamı budur. Bu, həm də xalqın özünün də (ən azı bu müğənini sevənlərin) öz zövqünü sorğulamasını zəruri edir. “Qadir Allah, budur səndın diləyim, …qırx min incəbel yarım olaydı…” oxumaqla “sənətə gələn”, sonra da arxasını oliqarxiyaya söykəyib, varlanan, titullanan bir ortababdan aşağı səviyyəli səsi şedevr hesab etmək zövqün böhranıdır. Üstəlik ondan nümunəvi şəxsiyyət düzəldib zorla cəmiyyətə “yedizdirmək””.
B. Həzi onu da diqqətə çatdırıb ki, hadisədə mühafizəçi və ümumiyyətlə, MedEra Hospitalın təqsirinə də göz yummaq olmaz:
“Bəzi teleproqramlar, saytlar, rəqəmsal platformalar və sair MedEradan sponsor maliyyəsi, “dostyana” xərac alır deyə, hospitalın, mühafizəçinin burdakı davranışını “malalamağa” çalışırlar. Bəziləri videoda müğənninin balta atma kadrını silib paylaşır. Bunlar da utancvericidir. Ən utancverici olan isə baltanın atılması ilə yanaşı mühafizəçinin müğənnini amansızlıqla döyməsi, yerə yıxıb təpikləməsidir. Hər ikisinin əməlində cinayət tərkibi var Hər ikisi cəmiyyətə aşkar hörmətsizlik edib. Əlbəttə, mühafizəçi təhlükəsizliyinə cavabdeh olduğu obyektə balta ilə hücum çəkəni kim olursa-olsun, zərərsizləşdirməlidir. Bu, onun vəzifə borcudur. Ancaq bu hadisədə görünən odur ki, mühafizəçi öz vəzifə təlimatlarını, etik normaları aşır. Bu yaxın illərdə qəzəblənmiş qazilərdən biri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyunin binasına müdaxilə edəndə polis işçilərindən biri onu: “Qardaş” deyə qucaqlamış, sakitləşdurib yola salmışdı. Bəlkə burda bu, mümkün olmayıb, bəlkə mümkün idi, bilmirəm. Bildiyim odur ki, qəzəblə hücum edənə belə qəzəblə cavab vermək olmazdı. Aşırı aqressivlik göstərmək mühafizəçinin peşəkar yanaşmadığını göstərir. Təbii ki, hadisədən əvvəlini tam bilmirik deyə, belə mülahizə yürüdürük.
İstənilən halda təkcə müğənnini və ya təkcə mühafizəçini günahkar saymıram. Hər ikisində günah olduğu görünür. Daha kim nə dərəcədə məsuliyyət daşıyır? Bunu araşdırma aşkara çıxara bilər”.
Baş redaktor hadisə ilə bağlı videogörüntünün olduğu kimi yayılmasının da jurnalistikanın peşə standartlarına uyğun olmadığını deyib:
“Bu, zorakılığın, şiddətin trivial təşviqi kimi çıxır. Baltanın atılmasını 13 yaşından kiçik biri – uşaq da görə bilər, o da balta atmağın normal bir şey olduğunu düşünər. Bu cür videogörüntüləri müəyyən məhdudiyyətlərlə paylaşmaq lazımdır. Cəmiyyətdə aqressivliyi normalaşdırmamalıyıq. Medianın da burda öz təqsiri var idi. Hətta ilkin məlumatlar: “Ağadadaş Ağayev tanışını baltaladı” başlığı ilə getmişdi. Bunlar ciddi qüsurlardır. Cəmiyyətdən daha çox reytinq almaq üçün cəmiyyətə daha çox aqressiya dozası vururuq. Olmaz”.
//Gülnarə Abasova, Editor.az

