Cəmiyyətin LAQEYDLİYİ : İntihara səbəb olan amillərlə necə mübarizə aparaq?- Elmir Əkbərlə MÜSAHİBƏbackend

Cəmiyyətin LAQEYDLİYİ : İntihara səbəb olan amillərlə necə mübarizə aparaq?- Elmir Əkbərlə MÜSAHİBƏ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Son zamanlar ölkəmizdə intihar halları artıb. Xüsusilə gənclər və yeniyetmələr arasında intihar daha çox yayılıb. Məlumdur ki, dünyanı bürüyən pandemiya xeyli müddət insanların sərt karantin rejimində yaşamasına səbəb oldu. Böyük ehtimalla artan intiharların əsas kökündə pandemiyanın törətdiyi fəsadlar dayanır.

İntiharlara səbəb olan amillər və onlarla mübarizə aparmağın yolları barədə tanınmış psixoloq, psixoterapevt Elmir Əkbər Editor.az-a danışıb.

-Elmir bəy, ölkəmizdə son dövrlər intiharlar halları artıb. Demək olar hər gün bir neçə intihar hadisəsinin şahidi oluruq. Sizcə buna əsas səbəb keçdiyimiz sərt karantin dövrünün geridə buraxdığı psixoloji təsirləridirmi?

-Pandemiya insanların şüuraltında gizlənən bütün problemlərini üzə çıxartdı, ailədaxili münaqişələrin, anlaşılmazlıqların yaranmasına səbəb oldu. Çünki insanlar sərt karantindən əvvəl gündəlik olaraq işə gedirdi, gün ərzində  bir-birlərinin mənfi tərəflərini o qədər də çox görmürdülər. Pandemiya dönəmində isə evdə daha çox vaxt keçirtdikləri üçün bir -birlərinin mənfi yönlərini daha çox görməyə başladılar. Bunun nəticəsində də bəzi ailələr bu sınağa tab gətirmədi, dağıldı. Daha sonra pandemiyanın mənfi təsirlərindən biri iş yerlərinin bağlanmasıdır. Bir çoxları işsiz qaldı, borca girənlər oldu və başqa digər insan həyatı üçün çox önəmli problemlərin yaranmasına gətirib çıxartdı. Nəticədə gərginlik, stress, panik atak, depressiya yüksək həddə qalxdı. Bu da ümumi karantin rejimi ilə bağlı bütün dünyada yaranmış tendensiyadır. Ona görə də karantin dövrünün psixoloji təsirlərini nəzərə alaraq Ümumdünya Səhiyyə Təşkilatı ( ÜST) çox ciddi şəkildə tövsiyyə edir ki,  insanlar daimi olaraq profilaktika psixoterapiya seanslarına getsinlər. Bu, bir çox fəsadların qarşısını ala bilər.

-Bəs artan intihar hadisələrinin səbəbləri ən çox nədən qaynaqlanır?

– Çox təəssüf ki,  pandemiyanın mənfi təsirləri ən çox intihar hadisələrinin artmasına səbəb oldu. Bu isə ən çox gənclər və yeniyetmələr arasında baş verir. Bu, çox ağır məqamdır. Karantin süni həbsxana sendromu deməkdir. Həbsxana isə ən gözəl ölkədə belə cəzaçəkmə müəssisəsidir. İnsanda stress, gərginlik yaratmaya bilməz. Ona görə də karantində həyatımızı xilas etmək üçün koronavirusdan qorunmaq məqsədilə karantin rejimi qaydalarına riayət edərkən bir çox psixoloji stresslər də yaşayırıq. Bu, bütün dünyada yayılan tendensiyadır. İntiharların artmasının müxtəlif səbəbləri var. Onlardan ən vacibi bizim cəmiyyətdə yayılan laqeydlik  və biganəlik xəstəliyidir. Bir -birimizə, yaxınlarımıza, doğmalarımıza qarşı diqqətli olmalıyıq. Çox ayıq-sayıq olmalıyıq. Əgər insan depressiyadan əziyyət çəkirsə, həyatdan çox sıxılırsa, onu müxtəlif məhdudiyyətlərin qarşısında qoyurlarsa, nəticə etibarilə bu, xüsusilə xarakterində həssaslıq olan insanları intihara sürükləyə bilir. Əgər artıq həyatdan zövq ala bilmirsinizsə, əvvəl sizə xoş gələn şeylər indi xoş gəlmirsə, həyatda hərşeyin mənasını itirib və yaşamağ üçün bir səbəb görməməyə başlayırsınızsa, stress sizi boğursa mütləq şəkildə mütəxəssisə müraciət edilməlidir. Ətrafınızda bu kimi hallar yaşayan insanlara diqqət yetirin. Depresiya elə bir haldır ki, mütəxəssislə söhbət etməlisiz, daim seanslara getməlisiz. İnsan düşdüyü situasiyadan özü çıxa bilmir məsələ depressiyaya qədər gəlib çıxır. Ağır depresiya ilə təkbaşına mübarizə aparmaq olmur, ona görə də çıxış yolu çox vaxt intiharda görülür”.

– Gündəlik həyatımızda streslə mübarizə aparmaq üçün nə məsləhət görərdiniz?

-Profilaktika məqsədilə tövsiyə edə bilərəm ki, insanlar idmanla məşğul olsunlar, hobbilərini artırsınlar, ev heyvanları saxlasınlar. Fiziki aktivliyi artırmaq, daha hərəkətli həyat tərzinə keçmək lazımdır. Həmçinin sağlam qidalanmanın da gündəlik həyatımıza, hal-əhvalımıza çox müsbət təsirləri var. Bunlar hamısı profilaktika rolu oynaya bilər. İntihar meylləri, cəhdləri isə artıq çox ciddi hal kimi qiymətləndirilir, ağır depresiya əlamətləridir. Bir daha deyirəm öz canınıza qəsd etmək kimi ən xırda fikir belə ağlınızdan keçirsə, mütləq mütəxəssisə müraciət edin.

//Gülnarə Abasova, Editor.az