Cənub-Şərqi Avropanın 11 ölkəsinin liderləri Balkanlar üzrə sammit zamanı Ukraynanın ərazi bütövlüyünü dəstəkləyən Afina Bəyannaməsini imzalayıblar.
Editor.az bildirir ki, bu barədə “CNN Greece” xəbər verir. Bəyannaməyə əsasən, ölkələr “Rusiya təcavüzü qarşısında Ukraynanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində demokratiya və qanunun aliliyi dəyərlərinə əsaslanan müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünə” sarsılmaz dəstəklərini ifadə ediblər.
Qeyd olunur ki, Qərbi Balkanların hüdudlarından kənarda coğrafi baxımdan Aİ-yə üzv dövlətlərə bitişik olan Ukrayna və Moldova ümumi Avropa irsini bölüşür və “Avropada sülh, təhlükəsizlik və sabitliyə strateji sərmayə kimi bu regionların Avropa ailəsinin tamhüquqlu üzvləri kimi qəbul edilməsi vacibdir”.
Sənədi Serbiya Prezidenti Aleksandr Vuçiç, Moldova Prezidenti Maya Sandu, Ukrayna Prezidenti Vladimir Zelenski, Monteneqro Prezidenti Yakov Milatoviç, Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis, Rumıniyanın Baş naziri Marsel Kolaku, Kosovo Baş naziri Albin Kurti, Bosniya və Herseqovina Baş naziri Boryano Krişto, Şimali Makedoniyanın Baş naziri Dimitar Kovaçevski, Bolqarıstanın Baş naziri Nikolay Denkov, Xorvatiyanın Baş naziri Andrey Plenkoviç, Avropa İttifaqı Şurasının sədri Şarl Mişel və Avropa Komissiyasının sədri Ursula fon der Leyenin iştirakı ilə imzalayıblar.
//Samir Qurbanov, Editor.az

