Cənubi Koreya birtərəfli qaydada KXDR ilə “qeyri-qanuni hərbi əməkdaşlıqda iştirak etdiyi üçün” 7 fiziki şəxs və 13 şirkət olmaqla 11 şəxs və 15 təşkilata qarşı sanksiya tətbiq etdiyini açıqlayıb.
Editor.az bildirir ki, bu barədə Cənubi Koreya Xarici İşlər Nazirliyi məlumat yayıb. Məhdudiyyətlər dekabrın 19-dan qüvvəyə minəcək. Sanksiya siyahısına Koreya Xalq Ordusunun (KPA) generalları Kim Yonq Bok, Şin Geum Çol, həmçinin raket mühəndisi Li Sonq Cin və KPA zabiti Li Bonq Çun daxil edilib. Məhdudiyyətlər bir neçə sahibkara və onların rəhbərlik etdiyi şirkətlərə təsir edəcək. Məhdudiyyətlər Verus, Parsek, Timer Bank və digərlərinə də şamil ediləcək. Onlarla maliyyə və ya valyuta əməliyyatları aparmaq üçün Seuldan icazə tələb olunacaq.
Bu addımın Qərb ölkələrinin xarici işlər nazirlərinin Moskva ilə Pxenyan arasında əməkdaşlığa həsr olunmuş birgə bəyanatı ilə bağlı atıldığı vurğulanır. Dünən, dekabrın 16-da Avropa İttifaqı ölkələrinin xarici siyasət idarələrinin rəhbərləri Rusiyaya qarşı 15-ci məhdudlaşdırıcı tədbirlər paketini təsdiqləyiblər. O cümlədən Rusiya, Çin və Şimali Koreyadan olan 54 fiziki şəxs və 30 təşkilat sanksiya siyahısına daxil edilib.
//Samir Qurbanov, Editor.az