“Cənubi Qafqaza Qərbin çözə bilmədiyi problem üçün növbəti həll meydançası kimi baxılır”- ŞƏRHbackend

“Cənubi Qafqaza Qərbin çözə bilmədiyi problem üçün növbəti həll meydançası kimi baxılır”- ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Fransa Cənubi Qafqazda yaxınlaşan, qaçılmaz sülhə zərbə vuran əsas qüvvədir. Burada məqsəd Ermənistanı dəstəkləməkdən daha çox, öz hədəfinə gedən yolda ondan maksimum istifadədir. Emmanuel Makronun buna sadəcə xarici deyil, həm də daxili siyasətdə arxalanacaq amil kimi baxır”.

Bu fikirləri Editor.az-a açıqlamasında politoloq Şəbnəm Həsənova deyib.

O bildirib ki, Türkiyə-Fransa münasibətləri, onların regional və beynəlxalq gündəliyə baxışda dərin fikir ayrılıqları bəllidir:

“Eyni zamanda, Fransanın bu yanaşması Rusiyanın bölgədə zəifləyəcəyi təqdirdə regiondakı boşluğu Azərbaycan və Türkiyənin doldurmasına imkan verməmək üçün Ermənistanı öz fundamental forpostuna çevirmək istiqamətində atdığı addımlar kimi başa düşülməlidir. Hələ onu da əlavə edək ki, Türkiyə-Ermənistan liderlərinin telefon danışığından narahat olan regional qüvvələr də var. Bununla bağlı Rusiyanın bəzi ekspertlərinin, media resurlarının yanaşmalarına ötəri nəzər yetirmək kifayətdir. Belə bir mürəkkəb kombinasiyalar şəraitində əsas məsələ Ermənistanı sülhə gətirmək deyil, əsas olan odur ki, cəmiyyətin ideologiyası təmizlənsin ki, qonşu dövlətin ərazisinə iddialara, düşmənçiliyə son verilsin. Çünki üfüqdə bunun sonu bütün region üçün qaranlıq görünür. Müzəffər Ali Baş Komandan İlham Əliyev çıxışlarında bildirir ki, biz bu məsələni gələcək nəsillərə qoymaq istəmirik. Bu baxımdan Ermənistanın gələcəkdə ola biləcək, sadəcə istisna olunmayan deyil, əmin olduğumuz mənfi meyillərinə birdəfəlik son qoymaq üçün Konstitusiyasının dəyişdirilməsi vacibdir.

Cənab Prezident İlham Əliyev Şuşaya köçmüş ilk sakinlərlə görüşdə aydın, səlis ifadə etmişdi ki, “Ermənistanda revanşist qüvvələr yenə baş qaldırsa və Fransanın bu ölkəyə verdiyi öldürücü silahlar kritik həddə çatsa, onda bizdən heç kim inciməsin”. Heç yox deyil, məhz Müzəffər Ali Baş Komandanımızın sözünün qüvvəsi bizə onu deməyə əsas verir ki, deməli, rəsmi Bakının əlində kifayət qədər əsas da var, rıçaq da. Dövlət başçımız tarix boyu bunun arxasında dayanan aktorların, qüvvələrin adını açıq səsləndirərək bu işdə əsasən Fransanın rol oynadığını bildirdi”.

Politoloqun sözlərinə görə, Rusiya-Ukrayna savaşı adı altında Rusiya-Qərb müharibəsi, resurslara əlçatanlıq və nəzarət, nüfuz bölgüsünün müəyyənləşdirilməsini hələ də dəqiqləşdirə, konkretləşdirə bilmirlər:

“Bu baxımdan, Cənubi Qafqaza Qərbin çözə bilmədiyi problem üçün növbəti həll meydançası kimi baxılır. Fransanın Ermənistanı silahlandırması sadəcə sülhə vurulan zərbə deyil, bu, Ermənistanın inkişafını ləngitməkdir. Məsələ ondan ibarətdir ki, regionu dəyişmək mümkünsüzdür. Guya məqsəd Ermənistanı müdafiə etmək, qorumaqdırsa sual olunmalıdır ki, Ermənistanı nədən və kimdən qoruyurlar? Ermənistanı öz xarici siyasətlərindəki kimi kök salan işğalçılıq siyasətindən arındırmaq lazımdır. Onu kimdənsə qorumaq adı altında regiona nüfuz etməkdənsə, düşmənçilik meyillərindən təmizləmək gərəkdir. İstər Qarabağın, istərsə də Qərbi Azərbaycan torpaqlarının kimə, hansı etnosa məxsus olduğu bu dövlətlərin özünə yaxşı məlumdur. Ermənistan mənfur siyasətinə davam etsə, dövlət kimi legitimliyi sual altına düşəcək. Çünki iqtisadi maraqlar regional və qeyri-regional aktorları bəlkə də bu gün hər zamankından daha çox maraqlandırır. İqtisadiyyatın dirçəldilməsi, kommunikasiyaların açılmasında, düşünürəm ki, bütün aktorlar maraqlıdır. Sadəcə burada pay bölgüsünün həcmi, onun azlığı, ya çoxluğu bəzi aktorları daha qabarıq formada üzə çıxardacaq ki, məhz bundan ehtiyat edirlər. O ki qaldı Nikol Paşinyana, təbii ki, gedən oyunları o da görməmiş deyil. Sadəcə məsələ odur ki, Paşinyan Qərbin əli ilə hakimiyyətə gəlib, dərin fərq yaradan addım ata bilmir. Onu da aydın dərk edir ki, Fransanın Ermənistanı regional aktorların üstünə qızışdırıcı siyasəti onlara minimum qazandırmayacaq, maksimum itizdirəcək. Lakin reallıq odur ki, Paşinyan bu itkinin miqyasını hər baxımdan minimallaşdırmaq üçün, istənilən anda təsir edəcək, digər regional aktorların Ermənistanın əleyhinə işləyəcək qərarlarını sabitləmək üçün Fransa ilə hərbi-sənaye sahəsində əməkdaşlığa gedir. Səsləndirilən fikirlər, atılan addımlar Rusiyanın nüfuzunu maksimum aşağı salmağa hesablanıb. Paşinyan görüntü yaratsa da həm də vaxt uzatmalarına getməklə Rusiya-Ukrayna savaşında güc nisbətini nəzərə alaraq qərar vermək istəyir. Buna qədər gedən yolda da əsas məqsəd öz hakimiyyətini qoruyub-saxlamaq, xalqı yanında tutmaqdır. Azərbaycanın tutduğu mövcud mövqe, sərgilədiyi yanaşma məqsədlərə hələ də qətiyyətlə getdiyindən xəbər verir. Əsas məsələ odur ki, daxili və xarici siyasət qərarlarında xalqımız heç bir avantüraya getmədən, şəksiz, şübhəsiz olaraq öz Müzəffər Liderinin yanındadır”.

//Gülnarə Abasova, Editor.az