“Azərbaycan ordusunun lokal antiterror tədbirləri beynəlxalq ermənipərəst siyasi dairələrin məkrli planlarını ciddi şəkildə pozub. Hazırda Cənubi Qafqazda maraqları olan Avropa Birliyi və Fransa regionda əsas istinad mexanizmlərini itirmiş vəziyyətə düşüb. Daha Azərbaycana təzyiq göstərmək üçün də hər hansı faktorlar yoxdur. Eyni zamanda, böyük ehtimalla bəzi avropalı rüşvətxor siyasətçilərin erməni diasporundan olan gəlir qaynağı da kəsiləcək. Yəni, Cənubi Qafqazda “erməni faktoru” artıq öz əhəmiyyətini itirib”.
Bu fikirləri Editor.az-a açıqlamasında politoloq Elçin Xalidbəyli deyib.

Politoloq bildirib ki, hələ bir müddət Azərbaycana qarşı qərəzli mövqeyini davam etdirsə də, Qərb ölkələri istənilən halda əvvəl-axır mövcud situasiya ilə mütləq barışacaqlar:
“Çünki əks halda, Azərbaycan həmin ölkələrin Cənubi Qafqazdakı maraqlarına müqavimət göstərəcək və hətta bloklayacaq. Deməli, yaxın vaxtlarda Qərb ölkələri Azərbaycanla münasibətlərini “erməni faktoru”nu nəzərə almadan qurmaq məcburiyyətində qalacaqlar. Yəni, Azərbaycan ordusunun lokal antiterror tədbirləri Cənubi Qafqazın gələcək taleyini tamamilə dəyişdi. İndi buna uyğun olaraq, Qərb ölkələri də öz Cənubi Qafqaz siyasətlərini dəyişməli olacaqlar. Qərb ölkələrinin, o cümlədən də, Avropa Birliyinin Azərbaycana qarşı hər hansı sanksiya tətbiq etmə ehtimalı da mövcud deyil. Belə sanksiyalar Azərbaycandan daha çox Avropa Birliyinə ziyan vuran bilər. Eyni zamanda, Azərbaycanın Avropa Birliyi üzvü olan dostları da buna imkan verməzlər. Macarıstanın Avropa Birliyində Azərbaycana qarşı sənədə veto qoyması da bunu təsdiqləyir. Bu baxımdan, hesab etmək olar ki, Azərbaycana qarşı bütün mənasız hay-küy tezliklə sona çatacaq”.
//Gülnarə Abasova, Editor.az

