Cənubi Qafqazda Sülh: ABŞ-ın dəstəyi və Rusiya faktorunun gələcəyi nə vəd edir?backend

Cənubi Qafqazda Sülh: ABŞ-ın dəstəyi və Rusiya faktorunun gələcəyi nə vəd edir?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Donald Tramp administrasiyası vəzifəyə başlayanda dünyada sülhə töhfə vermək və münaqişələrin həllində vasitəçi olmaq missiyasını önə çəkdi. ABŞ, aktiv şəkildə iştirak etməsə də, bəyanatlarla Azərbaycan-Ermənistan sülh prosesini dəstəklədiyini bildirirdi. Trampın Azərbaycan Prezidentinə ünvanladığı məktublarda Cənubi Qafqazda sülhün yaxın zamanda ABŞ tərəfindən dəstəklənəcəyi vurğulanırdı. Son vaxtlar bu sahədə müəyyən fəallaşma müşahidə olunur”.

Bu fikirləri Editor.az-a açıqlamasında politoloq Oqtay Qasımov deyib.

Onun sözlərinə görə, Azərbaycan və Ermənistan artıq sülh müqaviləsinin mətni üzrə razılığa gəliblər: “Lakin yekun sülh üçün iki əsas məsələ qalır: Ermənistanın Konstitusiyasında dəyişiklik və ATƏT-in Minsk Qrupunun fəaliyyətinin dayandırılması. Xüsusilə konstitusiya dəyişiklikləri zaman alacaq və bu sahədə araşdırmalar davam edir.

Bu gün Abu-Dabidə keçirilən görüş də prosesə mühüm töhfə verdi. Hər iki tərəf geniş heyətlə iştirak edib və danışıqların finişə yaxınlaşması ümidləri artırır. Azərbaycan-Ermənistan sülhü 40 ilə yaxın davam edən münaqişənin sonu olaraq tarixi əhəmiyyət daşıyır. Bu prosesdə vasitəçi olan tərəflər də əhəmiyyətli divident əldə edə bilərlər”.

Politoloq yayılan məlumatlara istinadla bildirib ki, ABŞ Zəngəzur dəhlizinin açılmasını dəstəkləyir və onun nəzarətinin ABŞ şirkətinə həvalə olunmasında maraqlıdır:

“Bu isə ABŞ-ın bölgədəki maraqlarının göstəricisidir. Rusiyanın mövqeyi isə mürəkkəbdir. Rusiya prosesin öz nəzarətində olmasını istəyir, lakin Azərbaycan və Ermənistan artıq birbaşa danışıqlara üstünlük verir. Rusiyanın Azərbaycana təzyiq imkanları azdır və Ermənistan üzərində də Paşinyanın mövqeyi hələ möhkəmdir. Rusiyanın prosesi əngəlləmək cəhdləri uğursuz olarsa, radikal hadisələr – dövlət çevrilişi və ya terror aktları baş verə bilər. Buna qarşı isə Paşinyan və tərəfdarları tədbirlər görür.

Əgər Ermənistan konstruktiv mövqe sərgiləyərsə və müstəqil qərar qəbul edərsə, Azərbaycan sülhü tezliklə həyata keçirməyə hazırdır”.

//Gülnarə Abasova, Editor.az