Cənubi Qafqazda vəziyyət kövrəkdir: Ermənistan “başqasının kəndiri ilə quyuya düşür-TƏHLİLbackend

Cənubi Qafqazda vəziyyət kövrəkdir: Ermənistan “başqasının kəndiri ilə quyuya düşür-TƏHLİL

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Mayın 10-u axşam saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Zod istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun üzbəüz mövqelərini müxtəlif növ atıcı silahlardan intensiv atəşə tutmaqla növbəti qəsdən təxribat törədib. Nəticədə ərazidə Azərbaycan və Ermənistan Silahlı Qüvvələri arasında gərginlik yaranıb. Nəticədə bir hərbi qulluqçumuz şəhid olub.

Əslində bu sabotaj gözlənilən idi. Məlum olduğu kimi, Azərbayca xarici işlər naziri Ceyhun Bayramovla ermənistanlı həmkarı Ararat Mirzoyan ABŞ dövlət katibi Antoni Blinkenin vasitəçiliyi ilə Vaşinqtonda keçirilən dörd günlük görüş uğurlu olmuşdu. Ağ ev görüşün nəticəsindən razı olduğunu bildirmişdi. C. Bayramov da müzakirələri sülh istiqamətindəki növbəti addım kimi qiymətləndirmişdi.

Ehtimal olunan sülhə danışıqları ilə bağlı üç əsas platforma var: Vaşinqton, Brüssel və Moskva. Son zamanlar Qərb, xüsusilə ABŞ bu məsələdə Rusiyanı qabaqlayır. Əvvəllər də dediyimiz kimi, Rusiya xüsusilə ABŞ-ın vasitəçiliyi ilə sülh danışıqlarının keçirilməsini istəmir. Odur ki, Rusiya şərti sərhəddə vəziyyətin gərginləşməsində maraqlıdır. Çünki bu kimi hallar danışıqlar perspektivini azaldır və prosesi “tormuz”ladır. Biz oxşar ssenarini əvvəllər də görmüşük: “Sular durulana” yaxın təxribat törədilib. Beləliklə, danışıqlarla bağlı proses yenidən əvvələ qayıdıb.

Maraqlıdır ki, təxribatlar Ermənistan baş naziri Nikol Paşinyanın 9 May- Qələbə Günü ilə bağlı Rusiyaya səfərindən və Prezident Vladimir Putindən görüşündən sonra baş verib. Bu, gərginliyin Moskvadan idarə olunmasına dair şübhələri artırır. Rusiya və Ermənistan liderlerinin ikitərəfli görüşünün təfərrüatları məlum deyil. Amma Putinin Paşinyanı sıxışdırması və sülh danışıqlarını sabotaj etməsi mümkündür.

Yeri gəlmişkən, xatırladaq ki, Prezident İlham Əliyev mayın 9- da özünün mahir diplomat olduğunu və rəsmi Bakının tamamilə müstəqil xarici siyasət kursu yeritdiyini bir daha bütün dünyaya göstərdi. Dövlət başçısı haqlı olaraq Moskvaya getmədi. Ölkə rəhbəri həmin gün Şuşada oldu. Ola bilsin, bu məsələ də Rusiyanın xoşuna gəlməyib və regionda “daşları tərpətmək” qərarına gəlib. Hərçənd Kremlin Cənubi Qafqazdakı təsir gücü getdikcə azalır.
Mayın 14-də Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan baş naziri Nikol Paşinyanın Brüsseldə görüşü gözlənilir. Həmçinin nazirlərin də növbəti dəfə görüşü planlaşdırılır. Şərti sərhəddəki gərginlik isə həmin görüşlərin perspektivini bəri başdan aşağı salır.

Hazırda sülh Azərbaycandan daha çox Ermənistana lazımdır. Çünki sərhədlər hələ müəyyənləşməyib. Bu isə o deməkdir ki, Azərbaycan Silahlı Qüvvələri Ermənistanın təxribatlarına cavab olaraq sərhədləri özü məyyənləşdirə bilər. Unutmaq olmaz ki, bu gün Ermənistan dövlətinin mövcud olduğu torpaqlar, o cümlədən İrəvan və Zəngəzur da tarixi Azərbaycan əraziləridir. Ermənistan hərbi-siyasi hakimiyyəti bu faktı yaddan çıxarmamalıdır. Odur ki, rəsmi İrəvan ehtiyatlı olmalı, məntiqli davranmalıdır. Ermənistan başqalarının maşası olmaqla sülh gündəliyindən uzaqlaşır. Bu isə ən çox onun özünə ziyandır.

Türkiyənin milli müdafiə naziri Hulusi Akar bir müddət əvvəl bildirmişdi ki, Ermənistanla Azərbaycan arasında növbəti dəfə genişmiqyaslı müharibə başlaya bilər. Əgər bu savaş başlasa, Ermənistanın dövlətçiliyi sual altına düşə bilər. Bu mənada İrəvan “başqasının kəndiri ilə quyuya düşməməlidir”.

Yəqin ki, bundan sonra Cənubi Qafqazda ABŞ – la Rusiya arasında mübarizə daha da güclənəcək. Bu rəqabət isə istər – istəməz danışıqların perspektivinə təsir edəcək.

//Kənan Novruzov, Editor.az