Azərbaycanın son illərdə sərgilədiyi müstəqil və balanslı xarici siyasət Cənubi Qafqazda geosiyasi düzənə ciddi təsir göstərib. Regionda yeni reallıqlar formalaşdıqca, bu vəziyyət təkcə Ermənistanı və Rusiyanı deyil, həm də bölgədə maraqları olan digər qüvvələri narahat etməyə başlayıb.
Bu barədə politoloq Fəqani Məhərrəmli Editor.az-a açıqlamasında danışıb. Onun sözlərinə görə, Azərbaycanın tam müstəqil siyasət yürütməsi bir sıra dövlətlərin uzunmüddətli planlarına uyğun gəlmir:
“Regionun geosiyasi və geostrateji əhəmiyyəti tarixən bir çox dövlətin bu bölgəyə marağını artırıb. Təəssüf ki, Rusiyanın müəyyən dairələri hələ də Cənubi Qafqaza imperial düşüncə ilə yanaşır. Ukrayna müharibəsi bu yanlış yanaşmanın necə faciəvi nəticələr doğura biləcəyini açıq şəkildə göstərdi. Rusiya keçmiş postsovet məkanını öz ‘arxa baxçası’ kimi görmək vərdişindən əl çəkməlidir”.
Politoloq qeyd edib ki, Qarabağın işğaldan azad edilməsi və Ermənistanla münasibətlərin normallaşması Cənubi Qafqazda yeni mərhələnin başlanğıcıdır:
“Orta Dəhliz və Yeni İpək Yolu layihələri fonunda üç Cənubi Qafqaz ölkəsinin əməkdaşlığı regionun iqtisadi inkişafına və təhlükəsizliyinə mühüm töhfə verə bilər. 8 avqustda Vaşinqtonda ABŞ-ın vasitəçiliyi ilə Azərbaycan və Ermənistan arasında sülh sazişinin paraflanması bu baxımdan tarixi hadisədir”.
Məhərrəmlinin fikrincə, Rusiya bu prosesdə diplomatik olaraq geri planda qaldığını anlayır və təsirini qorumaq üçün müxtəlif üsullara əl atır:
“Rusiya vəziyyəti öz xeyrinə dəyişməkdə çətinlik çəkdikdə, 5-ci kalon vasitəsilə region ölkələrində gərginlik yaratmağa çalışır. Hazırda biz bu meyli Cənubi Qafqazın hər üç respublikasında müşahidə edirik”.
Sonda politoloq əlavə edib ki, Moskvanın “yeni Yalta konfransı” ideyası artıq keçmişin məhsuludur: “21-ci əsr imperiyalar əsri deyil. Bu, əksinə, imperiyaların süqutu və gənc dövlətlərin inkişaf dövrüdür”.
//Gülnarə Abasova, Editor.az

