Cənubi Qafqazdakı görünməyən əlin Ermənistan silahı – İrana qarşı…backend

Cənubi Qafqazdakı görünməyən əlin Ermənistan silahı – İrana qarşı…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

II Qarabağ müharibəsindən sonra dünyanın mühüm tranzit nöqtələrindən biri, Böyük İpək yolunun bir parçasını təşkil edən Cənubi Qafqaz regionunda geosiyasi vəziyyət dəyişdi. Ermənistanın müharibədən sonra Qərbə sürətlə inteqrasiya etmək yolunu seçdiyi müşahidə olunur. Ancaq bu, Ermənistanın suveren dövlət qismində seçim hüququndan istifadə etməsindən daha çox bölgəyə kənar qüvvələrin cəlb olunması istiqamətində addımların güclənməsi ilə müşahidə olunur. Belə ki, Ermənistan 2022-ci ildə Avropa İttifaqının sülhməramlı missiyasını öz ölkəsinə dəvət etdi və 2023-cü ilin fevralından missiya yeni mandatla Ermənistan Azərbaycan sərhədində fəaliyyətinə davam edir.

Ermənistan tərəfi artıq ənənəvi müttəfiqi Rusiyadan üz döndərdiyini bir neçə dəfə açıq-aşkar ifadə edib. Baş nazir Nikol Paşinyan 2023-cü ilin sentyabrında İtaliya mətbu orqanı “La Repubblica”ya verdiyi müsahibədə “Bu gün rusiyalı həmkarlarımız iddia edirlər ki, qərb hökumətləri Moskvanın Cənubi Qafqaza təsirini azaltmaq üçün Ermənistan hökumətinə təzyiq edirlər. Reallıq odur ki, Rusiya kortəbii şəkildə regionu tərk edir və biz bunun səbəbini bilmirik. Bir gün oyanıb Rusiyanın artıq burda olmadığını görə biləcəyimizlə bağlı çoxlu indikator mövcuddur” fikrini səsləndirərək əslində yeni himayədar-müttəfiqlər məsələsində açıq mesaj vermiş oldu.

Son aylarda atılan bütün bu addımların səbəblərindən biri də Rusiya-Ukrayna müharibəsinə görə Rusiyanın “başının qarışması” və Ermənistanın bu fürsətdən istifadə edərək onun yerini bölgədə Qərbin maraqlı ölkələri ilə doldurmağa çalışması kimi qələmə vermək olar.

Cənubi Qafqaz regionuna təsir etməyə çalışan, prosesləri yaxından izləyən ölkələrdən biri də İran İslam Respublikasıdır. Müharibədən sonra yaranmış yeni geosiyasi vəziyyət və hazırda baş verənlərin İranın regional maraqlarına zidd olması aşkardır. “Ya Qərb ya Rusiya” tandemi arasında qalaraq müstəqil siyasət aparmaqdan hər bir vəchlə imtina edən Ermənistanın yeni müttəfiq axtarışı əlbəttə ki, regionun digər dövlətlərini narahat etməyə bilməz. Heç kimə sirr deyil ki, İranla Qərb dünyası arasında soyuq müharibə gedir. Uzun illər Qərb qüvvələri Azərbaycan ərazisindən istifadə edərək İrana qarşı əməliyyatlar aparmaq istəyində olsalar da, Azərbaycan tərəfi buna icazə vermədi, ancaq hal-hazırda Ermənistanın getdiyi yol həm də Qərbin İrana təsir yollarını açmaqdadır. Əlbəttə, rəsmi Tehran da bunu görür. Məhz buna görə 2023-cü ilin oktyabrında Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan İrana dəvət edildi, üstəlik bu, Aİ ilə Ermənistanın münasibətlərində əhəmiyyətli irəliləyişlərin qeydə alındığı Qranada görüşündən qısa müddət öncə baş verdi. İran İslam Respublikasının prezidenti İbrahim Rəisi Ermənistan Baş Naziri Nikol Paşinyanla telefon danışığında Cənubi Qafqazda 3+3 formatından kənar təmasların vəziyyəti çətinləşdirdiyini, istənilən geosiyasi dəyişikliyin İran üçün qırmızı xətt olduğunu bildirib , Xarici İşlər Naziri Əmir Abdullahiyan isə müxtəlif platformalarda çıxışlarında dəfələrlə İranın regiondan kənar müdaxilələrə qarşı olduğunu açıq-aşkar ifadə edib.

Ermənistandakı Aİ Mülki Missiyanın yerləşdiyi şəhərlər


Qərb ölkələrindən Fransa artıq Qafanda konsulluq açmaq niyyətini açıq ifadə edir. NATO-nun üzvlərindən Kanada, yəni Aİ üzvü olmayan Şimali Amerika ölkəsinin də bu regiona ayaq açması məsələnin sərhəddə sakitliyə nəzarət etməkdən uzaq niyyətlərə xidmət etdiyini düşünməyə vadar edir. Qeyd edək ki, 2023-cü ildə Kanadanın Ermənistanda səfirliyi fəaliyyətə başlayıb. Üçüncü tərəflərin cəlb olunması ilə bağlı məsələ missiyanın Ermənistanda fəaliyyəti ilə bağlı Avropa İttifaqının rəsmi jurnalında çap olunan Şura qərarının 9-cu maddəsində qeyd olunur ki, üçüncü tərəflər üzv dövlətlərlə eyni hüquq və vəzifələrə malik olacaqlar. Bir neçə gün öncə (aprelin 1-də) ABŞ hərbçilərinin ABŞ-Ermənistan hərbi əməkdaşlığı çərçivəsində Ermənistana səfəri də Qərblə Ermənistan arasında yaxınlaşan hərbi əməkdaşlığın başqa bir təzahürüdür.

Digər tərəfdən 2022-ci ilin oktyabrında Azərbaycan-Ermənistan sərhədində fəaliyyətə başlayan sülhməramlı missiyanın bölgədə qalma müddəti əvvəlcədən 2 aylıq müəyyənləşdirilsə də 2023-cü ilin yanvarında 2025-ci ilin fevralına qədər uzadıldı, 2024-cü ilin martında isə Ermənistan parlamenti Aİ-nin Mülki Missiyasının statusu haqqında rəsmi sənədini ratifikasiya edib. Qeyd edək ki, bir neçə gün öncə Nikol Paşinyan mətbuat konfransı zamanı bildirib ki, Aİ-nin mülki missiyasının Ermənistan-Azərbaycan sərhədində qalma müddəti 2025-ci ildən sonra daha iki il də uzadıla bilər . Bütün bu dövr ərzində missiya üzvlərinin, ofislərinin sayının artması, həmçinin mülki missiya üzvlərinin mandatının ictimaiyyətə tamamilə açıqlanmaması müəyyən şübhələr doğurur. Heç kimə sirr deyil ki, bu sülhməramlı qüvvələr həmin bölgədə təkcə Azərbaycan Ermənistan sərhədinin sabitliyini qorumurlar, həm də bir addımlıq məsafədə yerləşən İran İslam Respublikasını müşahidə edirlər, ən azından “gözləri İranın üzərində olur”. Hər kəsə yaxşı məlumdur ki, nüvə məsələsində İranla Qərb arasında uzun müddətdir davam edən anlaşılmazlıqlar və bu kontekstdə Beynəlxalq Atom Enerjisi Agentliyinin icraçı direktoru Rafael Qrossinin “Uranın zənginləşdirilməsi məsələsində İranın pik həddə çatdığı”nı rəsmi bəyan etməsi, həmçinin Rusiya-Ukrayna müharibəsində İranın Qərbin müttəfiqi Ukraynaya qarşı Rusiyaya açıq-aşkar hərbi dəstək göstərməsi münasibətlərin hazırki vəziyyətini göstərən əsas indikatorlardır. Belə bir vəziyyətdə kollektiv Qərbin İran İslam Respublikasının şimal sərhədlərində getdikcə siyasi və hərbi cəhətdən möhkəmlənməyə başlaması təsadüfi xarakter daşımır. Rəsmi Tehran Ermənistanın Qərblə əlaqələrini dərinləşdirməsinin milli təhlükəsizliyi üçün yeni risklər yaratdığını getdikcə daha aydın görməkdədir. Təsadüfi deyil ki, 2023-cü ilin oktyabrında Ermənistan Respublikasının Milli Təhlükəsizlik Şurasının sədri Armen Qriqoryanın Tehrana səfəri çərçivəsindən İran İslam Respublikasının Baş Qərargah Rəisi ilə görüşündə Məhəmməd Beqeri rəsmi Tehranın Ermənistan-Azərbaycan sərhədinə müşahidəçilərini göndərməyə hazır olduqlarını və regiondan kənardan yeni aktorların peydə olmasını mürəkkəbliyi və qeyri-sabitliyi artırdığını qeyd edib.

Beləliklə, hal-hazırkı mənzərə onu deməyə əsas verir ki, bölgəyə kənar qüvvələri aktiv şəkildə dəvət edən və onlar üçün digər dövlətlərə yaxından nəzarət etməyə şərait yaradan Ermənistandır. Qərb dünyası Ermənistanda mövqelərini gücləndirdikcə bu ölkə üzərindən “soyuq müharibə” şəraitində olduğu İran İslam Respublikasına nəzarət etməyə, lazım gələcək təqdirdə isə müdaxiləyə şərait yaratmağa cəhd göstərir. Nəticədə İran İslam Respublikasının hər zaman bildirdiyi kimi, qırmızı xətlər artıq çoxdan keçilib. Cəmi bir ay qabaq, 2024-cü ilin martında İbrahim Rəisi İranda Ermənistanın müdafiə naziri Suren Papikyanı qəbul edərkən “regiondan kənar qüvvələrin müdaxiləsinə icazə vermək bölgəyə sülh gətirmir, sülhə yalnız region ölkələrinin iştirakı ilə nail olmaq mümkündür ” ifadəsini yenidən vurğulaması İranın Ermənistanın bölgədə nə etməyə çalışdığını gördüyünün isbatıdır. Nə qədər ki gec deyil, rəsmi Tehran Ermənistanın Qərb üçün İrana qarşı plasdarm rolu oynamasının qarşısını almalıdır.

TREND