“Cənubi Qafqazın “Rusiyasız region” modeli üzrə yeni inkişaf mərhələsinə keçməsi istisna deyil”-AÇIQLAMAbackend

“Cənubi Qafqazın “Rusiyasız region” modeli üzrə yeni inkişaf mərhələsinə keçməsi istisna deyil”-AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Rusiya Ukrayna savaşına başlamaqla, öz gələcək taleyini böyük risk altına atıb. Hətta Rusiyanın mövcudluğu da son vaxtlar ciddi təhlükə altına düşüb. Ona görə də, Kreml nəyin bahasına olursa-olsun, Ukrayna savaşında ya qalib gəlməyə, ya da hazırda işğal etdiyi Ukrayna ərazilərini öz əlində saxlamaqla, sülh sazişinin imzalanmasına cəhd göstərir”.

Bu fikirləri Editor.az-a açıqlamasında politoloq Elçin Xalidbəyli bildirib.

Onun sözlərinə görə, ABŞ və Qərb Rusiyaya nə qalib gəlməyə, nə də sülh sazişi imzalamağa imkan vermək niyyətində deyil:

“ABŞ və Qərbin minimum hədəfi Rusiyanın kapitulyasiya aktı imzalamağa məcbur etməkdir. Hazırda Ukrayna ordusunu müasir silahlarla təchiz edirlər və əks hücum əməliyyatlarına başlamasına hazırlayırlar. Ukrayna ordusunun aprel-iyun ayları arasında başladılması gözlənilən əks hücum əməliyyatlarından sonra Rusiyanın gələcək taleyi böyük ölçüdə aydınlaşmağa başlayacaq.
Əgər, bu savaşda məğlub olarsa, Rusiya işğal etdiyi Ukrayna ərazilərini, o cümlədən də, Krım yarımadasını və Donbas bölgəsinə nəzarəti itirə bilər. Bu halda, ABŞ və Qərb savaşın davam etdirilməsinə qərar verərsə, Ukrayna ordusunun əks hücum əməliyyatları hətta Rusiya ərazilərinə də keçə bilər. Son vaxtlar Ukrayna PUA-larının paytaxt Moskvanın ətrafına qədər uçması Rusiyanın müdafiə resurslarının tükənmək üzrə olduğunu göstərir. Kreml Çin, Şimali Koreya və İrandan silah-sursat, hərbi texnika tədarük etməyə çalışsa da, hələlik bu məsələdə istədiyi nəticədən çox-çox uzaqdır “.

Politoloq qeyd edir ki,  Kreml ötən əsrin 45-50-ci illərinə aid köhnəlmiş hərbi texnikaları anbarlardan çıxararaq Rusiya ordusuna göndərmək məcburiyyətində qalıb:

“Halbuki, belə köhnə silahlarla Ukrayna ordusunun müasir hərbi texnikası qarşısında uzun müddət davam gətirmək mümkün deyil. Bu baxımdan, böyük ehtimalla Rusiya Ukrayna savaşında məğlub olaraq, dünya siyasi məkanında hər hansı əhəmiyyəti və təsiri olmayan dövlətə çevrilmək təhlükəsi qarşısındadır. Belə davam edərsə, Rusiya dünyanın bəzi regionlarında, o cümlədən də Cənubi Qafqazda geopolitik mövqelərini tamamilə itirə bilər. Belə olacağı təqdirdə, Rusiyanın Cənubi Qafqazdan tamamilə sıxışdırılıb, çıxarılacağı qətiyyən şübhə doğurmur. Bu baxımdan, yaxın gələcəkdə Cənubi Qafqazın “Rusiyasız region” modeli üzrə yeni inkişaf mərhələsinə keçmək şansı qazana biləcəyi qətiyyən istisna deyil”.

//Safura Bənnayeva, Editor.az