Bu gün Belçikanın paytaxtı Brüsseldə NATO-nun mənzil qərargahında Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla Alyansın baş katibi Yens Stoltenberq arasında görüş keçiriləcək.
Politoloq Azər Qasımov Editor.az–a açıqlamasında bildirib ki, NATO-Azərbaycan münasibətləri bu günə kimi elə bir səviyyədə inkişaf edib ki, bu, Azərbaycanla qonşu olan digər ölkələrdə narahatlıq doğurmayıb:
“Azərbaycan bu əməkdaşlıqdan öz ordusunu NATO standartlarına çıxarmaq üçün nəzəri və praktik olaraq istifadə edib. Bir sıra NATO hərbi təlimlərinə qatılıb, nəzəri konfranslarda iştirak edib. NATO isə bu əməkdaşlıqdan daha çox Azərbaycan ərazisindən tranzit kimi istifadə etməklə istifadə edib. Azərbaycan NATO-nun sülhyaratma missiyalarında Kosovada, Əfqanıstanda iştirak edib.
Azərbaycan heç vaxt NATO ilə olan əlaqələrini qonşu ölkələrə qarşı nə istifadə kimi işlədib, nə də işlədilməsinə şərait yaradıb. Deyilənləri nəzərə alsaq, Brüsseldə NATO-nun mənzil qərargahında Azərbaycan XİN C.Bayramov və Alyansın baş katibi Yens Stoltenberq arasında baş tutacaq görüşün əsas müzakirə mövzuları da yuxarıda qeyd edilən əməkdaşlıq çərçivəsindən kənara çıxmayacaq. Hesab edirəm ki, böyük ehtimalla NATO Rusiya-Ukrayna müharibəsinin sonuna hazırlaşır. Hər iki münaqişə tərəfinə yaxın olan ölkələrdən ibarət olan sülhməramlı missiya formalaşdırıla bilər ki, bu, müharibənin sonunda münaqişə tərəflərini ayırmaq üçün iki ordu arasında yerləşdirilə bilər. Bu missiyaya da Azərbaycan, Türkiyə və digər ölkələr daxil ola bilər. Bir sıra planlı tədbirlərin vaxtının dəqiqləşdirilməsi də görüşün müzakirə predmeti ola bilər. Avropa-Azərbaycan münasibətlərinin əhəmiyyətinin son AB ilə qaz müqaviləsindən sonra daha da artacağı qənaətindəyəm”.
A.Qasımov qeyd edib ki, NATO-nun Avropanın təhlükəsizliyinin daha çox müdafiə etməyə məcbur olduğu bir dövrdə NATO-nun Azərbaycan və Avropa arasında yeni çəkilməsi nəzərdə tutulan kəmərlərin istər müdafiəsi, istərsə də ona siyasi dəstək sözü verməsi də gündəlikdə tutulan məsələlər arasında ola bilər. Bu, Rusiyaya tətbiq edilən enerji sanksiyaları fonunda daha aktual görünür.
//Gülnarə Abasova, Editor.az

