Pekin ABŞ-ı təhdid və şantajı dayandırmağa çağırıb. Çin Xarici İşlər Nazirliyi ticarət müharibəsinin Vaşinqton tərəfindən başladığını və Çinin hərəkətlərinin müdafiə tədbirləri olduğunu qeyd edib.
“Bu tarif müharibəsi Amerika tərəfinin təşəbbüsü ilə baş tutub və Çinin cavab tədbirləri ölkənin qanuni hüquq və maraqlarını, eləcə də beynəlxalq ədaləti qorumaq üçün lazımdır”, – Çin Xarici İşlər Nazirliyinin sözçüsü Lin Jian deyib. O, qeyd edib ki, Çinin hərəkətləri ağlabatan və qanunidir. Çin Xarici İşlər Nazirliyinin sözçüsü Vaşinqtonu qarşılıqlı hörmətə əsaslanan dialoqa başlamağa çağırıb.
Xatırladaq ki, Donald Tramp aprelin 2-dən 185 ölkə və ərazinin məhsullarına gömrük rüsumunu tətbiq edib. 10%-lik universal tariflər aprelin 5-dən, fərdi tariflər isə aprelin 9-dan qüvvəyə minib. Daha sonra o, ticarət danışıqlarının baş tutması üçün onları 90 gün müddətinə dayandırıb. Eyni zamanda ABŞ prezidenti Çinə tətbiq edilən tarifi 145%-ə qaldırıb.
//Samir Qurbanov, Editor.az