Çin ABŞ müdafiə naziri Lloyd Ostinin bu həftə Sinqapurda keçiriləcək forumda çinli həmkarı Li Şanqfu ilə görüşmək təklifini rədd edib.
Editor.az bildirir ki, bu barədə CNN Pentaqonun spikeri Patrik Rayderin bəyanatına istinadən məlumat yayıb. Pentaqon açıqlamasında bildirib ki, Çin mayın əvvəlində ona təklif olunan görüşdən imtina edib. “Çinin hərbi planda müzakirələrdə iştirak etmək istəməməsi Müdafiə Nazirliyinin məsuliyyətli münasibətlərin idarə edilməsinin bir hissəsi kimi, bir çox səviyyələrdə Xalq Azadlıq Ordusu (XAO) ilə açıq ünsiyyət kanalları tapmaq öhdəliyini azaltmayacaq”, – Rayder deyib.
Çinin ABŞ-dakı səfirliyi dəvətin səmimiyyətini və əhəmiyyətini şübhə altına alaraq, ABŞ-ın Çin rəsmilərinə, qurumlarına və şirkətlərinə qarşı tətbiq etdiyi sanksiyalara işarə edərək cavab verib. Çin səfirliyinin sözçüsü Liu Penyu bildirib ki, Çin həmişə “qeyri-qanuni birtərəfli sanksiyalara qəti şəkildə qarşı çıxıb və Amerika tərəfinə sərt mövqeyini açıqlayıb. Amerika tərəfi sanksiyaları dərhal ləğv etməli və maneələri aradan qaldırmaq, dialoq və ünsiyyət üçün əlverişli atmosfer və şərait yaratmaq üçün konkret addımlar atmalıdır”, – Liu Penyu deyib.
//Samir Qurbanov,Editor.az

