Çinin rus turistlər üçün vizasız rejim tətbiq etməsi Yaponiyanın üzünə “siyasi zərbə” və ölkənin ilk qadın baş naziri Sanae Takaichinin hökuməti üçün ciddi itki kimi qiymətləndirilib.
Editor.az xəbər verir ki, bu barədə Çin mediası – Sohu.com portalında dərc olunan analitik materialda bildirilir.
Məlumata görə, Rusiya və Çin arasında vizasız səyahətin tətbiqi iki ölkə arasında turist axınını kəskin şəkildə artırıb. 2025-ci ilə qədər qarşılıqlı səfərlərin 3,5 milyona çatacağı proqnozlaşdırılır ki, bu da 2024-cü illə müqayisədə 30 faiz artım deməkdir.
Eyni zamanda Çin vətəndaşlarının Yaponiyaya kütləvi şəkildə uçuşları ləğv etməsi müşahidə olunur. Yalnız 2025-ci ilin özündə Çin turistləri Yaponiyaya planlaşdırılan səfərlər üçün yarım milyard dollardan çox pulu geri alıblar ki, bu da son beş ilin rekord göstəricisidir. Bu dalğa Çin XİN-in Takaichinin Tayvanla bağlı sərt açıqlamalarından sonra Yaponiyaya səyahəti təhlükəli elan etməsi fonunda baş verib.
Sohu.com-un hesablamalarına görə, Çin turistlərinin əhəmiyyətli dərəcədə azalması Yaponiyanın ÜDM-nin 0,36 faiz və ya 2,2 trilyon yen (təxminən 14,2 milyard ABŞ dolları) aşağı düşməsi riski yaradır. ÜDM artımının hazırda cəmi 0,6 faiz təşkil etdiyi nəzərə alınarsa, bu vəziyyət Yaponiya iqtisadiyyatı üçün ciddi təhlükə sayılır.
Qeyd edək ki, Takaichi daha əvvəl bəyan etmişdi: Çin Tayvan üzərində zorakı nəzarət qurmağa cəhd edərsə, Tokio bunu hərbi reaksiyaya səbəb ola biləcək təhlükə kimi qiymətləndirəcək. Bu açıqlamadan sonra Çinin Osakadakı baş konsulu Xue Jian sərt bəyanatla çıxış edərək Yaponiyanın baş nazirinə qarşı açıq təhdid səsləndirib.
//Gülnarə Abasova, Editor.az

