Rusiya Federal Hava Nəqliyyatı Agentliyinin nümayəndəsi Valeri Kudinov bildirib ki, Çin Rusiyaya təyyarələrin ehtiyat hissələrini tədarük etməkdən imtina edib.
Odur ki, Rusiya Türkiyə və Hindistan kimi ölkələrdə təyyarə hissələri tədarükçüləri axtaracaq. Bu barədə Editor.az “Kommersant” qəzetinə istinadən xəbər verir Kudinovun sözlərinə görə, hava gəmilərinin bir hissəsi icarədarlara qaytarılacaq. Lakin konkret hansı hava gəmilərinin qaytarılacağına aviaşirkətlər qərar verəcək. Bununla belə, mövcud vəziyyət aviabiletlərin qiymətinə təsir etməyəcək. Kudinov əlavə edib ki, son bir ay ərzində Rusiya mülki təyyarələrinin dövlət reyestrinə“Aeroflot”, “Pobeda”, “Utair”, “Rossiya” və “İjavia” şirkətlərinə məxsus 180-ə yaxın təyyarə daxil edilib. Bundan əvvəl isə reyestrdə cəmi 70-ə yaxın təyyarə olub. Bu gün – martın 10-da Rusiya Nəqliyyat Nazirliyi xarici şirkətlərdən icarəyə götürülmüş xarici təyyarələrin ölkədə saxlanmasını təklif edib. Xatırladaq ki, fevralın 26-da Aİ sanksiyalar paketi çərçivəsində Rusiyada təyyarələrin tədarükü, satışı, lizinq, texniki xidmət və sığortasını qadağan edib. Buna cavab olaraq Federal Hava Nəqliyyatı Agentliyi xaricdə təyyarələrin kütləvi həbsi fonunda Rusiya aviaşirkətlərinə bütün beynəlxalq uçuşları dayandırmağı tövsiyə edib. “Aeroflot”, “Pobeda” və “S7 Airlines” artıq bu tövsiyəyə uymaqdadır.
//Gülnarə Abasova, Editor.az

