Çin Yaponiyanın İkinci Dünya Müharibəsi ilə bağlı tarixi məsuliyyətini tam şəkildə qəbul etmədiyini əsas gətirərək Tokionun BMT Təhlükəsizlik Şurasının daimi üzvü olması imkanını tənqid edib.
Editor.az xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Nin açıqlama verib. Onun sözlərinə görə, Yaponiya hələ də müharibə dövründə törətdiyi cinayətlərə görə kifayət qədər məsuliyyət göstərməyib.
“Yaponiya öz hərbi cinayətlərini lazımi şəkildə etiraf etməyib. Bu cür dövlət beynəlxalq sülh və təhlükəsizliyin qorunmasına cavabdeh ola bilməz. Buna görə də BMT Təhlükəsizlik Şurasının daimi üzvlüyünə iddia etmək hüququ yoxdur”, – deyə nazirlik rəsmisi bildirib.
Mao Ning, həmçinin Yaponiyanın Baş naziri Sakae Takaçinin Tayvanla bağlı bəyanatlarını Çinin daxili işlərinə “həddindən artıq müdaxilə” kimi qiymətləndirib. O, Yaponiyanın XX əsrdə başladığı “təcavüzkar müharibələrin” Asiya və dünya xalqlarına böyük iztirablar yaşatdığını xatırladıb.
Qeyd edək ki, Çin Müdafiə Nazirliyi noyabrın 14-də sərt bəyanatla çıxış edərək, Tokionu Tayvan ətrafındakı vəziyyətə müdaxilə etməkdən çəkindirib və belə bir addımın “sarsıdıcı məğlubiyyətlə nəticələnəcəyini” bildirib. Bu açıqlama Yaponiyanın Baş naziri Sanae Takaçinin Tayvan məsələsinin Yaponiyanın milli təhlükəsizliyi üçün təhdidə çevriləcəyi halda kollektiv müdafiə mexanizmlərindən istifadə edilə biləcəyini deməsindən sonra siyasi gərginliyi artırıb.
//Gülnarə Abasova, Editor.az

