Onillər əvvəl Azərbaycan xalqına və dövlətinə qarşı cinayətlər törətmiş, dinc insanları qətlə yetirmiş, silahsız sakinlərə divan tutmuş şəxslər indi əməllərinə görə məsuliyyətə cəlb ediləndə narazılıqlar başlanır.
Ermənistanla şərti dövlət sərhədindəki, Laçın rayonundakı sərhəd nəzarət-buraxılış məntəqəsində (SBNM) saxlanılan Vaqif Xaçaturyanla bağlı isterika, propaqanda və Azərbaycana təzyiq cəhdləri buna sübutdur.
Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXÇ) avtomobili ilə Xankəndindən Ermənistana yollanmaq istəyən V.Xaçaturyan Birinci Qarabağ Müharibəsi dönəmində Meşəli kəndində dinc sakinlərə qarşı törədilmiş qətliamın bilavasitə iştirakçılarından biri olub.
O, azərbaycanlı əsirlərə və girovlara da dəhşətli işgəncələr verib.
Vaqif Xaçaturyan hərbi cinayətkardır və təbii ki, əməllərinə görə ədalət məhkəməsi qarşısında durmalı, törətdiyi qəddarlıqların və vəhşiliklərin cavabını verməlidir.
Birinci Qarabağ müharibəsi zamanı azərbaycanlılara qarşı kütləvi qətliamlar və deportasiya həyata keçirilib, Meşəli faciəsi də bu cür soyqırımlardan biridir. Meşəli faciəsinin araşdırılması və günahkarların bəlirlənməsi ilə təhqiqatla istintaq tam başa çatmayıb. Buna rəğmən, faciəni törədən ermənilərin əksəriyyətinin kimliyi bəllidir.
Vaqif Xaçaturyan həmin cəlladların arasında yer almış canilərdən biridir.
Onun Laçın SBNM-də saxlanması Azərbaycanın mövcud qanunvericiliyi və beynəlxalq hüququn prinsipləri ilə yanaşı, Ermənistanın da imzaladığı beynəlxalq anlaşmalar əsasında həyata keçirilib.
Həmin anlaşmalar isə V.Xaçaturyan kimi şəxslərin əməllərinə zaman keçidi məhfumunun tətbiq olunmadığını birmənalı, aksiomatik olaraq təsbitləyir.
Beynəlxalq hüququn hərbi cinayətin müəyyənləşdirilməsi ilə bağlı şərtlərinə və məzmun təsbitləndirməsinə nəzər salaq:
1. Sülhə, təhlükəsizliyə və insanların yaşamına qarşı cinayətlər: aqressiv savaşın planlaşdırılması, hazırlanması, başladılması və ya aparılması; beynəlxalaq anlaşmaların, ikitərəfli sazişlərin və ya beynəlxalq hüququn normaların pozulması ilə sadalanmış əməllərdən birinə hazırlıq, həmin əməllərdən birinin gerçəkləşdirilməsi və ya gerçəkləşməsinə yardım.
2. Müşaribə qanunlarının və qaydalarının pozulması: işğal edilmiş ərazilərdəki dinc sakinlərin qətlə yetirilməsi, işgəncələrə məruz qoyulması və ya girov götürülməsi; hərbi əsirlərə işgəncələr verilməsi və ya onların qətlə yetirilməsi; girovlara işgəncə verilməsi və ya onların qətlə yetirilməsi; fərdi və ictimai əmlakın qarət, talan və ya qəsb edilməsi; yaşayış məntəqələrinin (şəhərlər, kəndlər, qəsəbələr və s.) məntiqsiz, əsassız və mənasız şəkildə dağıdılması, viran qoyulması; hərbi zərurət olmadan qarət və ya qəsbetmə
3. Hərbi əməliyyatlar zamanı dinc sakinlərə və mülki əhaliyə qarşı qətllər, qətliamlar, kütləvi qətllər, əsir və ya girov götürmə, qəddar davranış; dini, milli və etnik zəmində insanlara qarşı qəddarlıq; hərbi əməliyyatların aparıldığı ərazidə dinc insanlara qarşı həmin ərazinin daxil olduğu ölkənin qanunvericiliyini kobud şəkildə pozan əməllərin icra edilməsi;
4. Sadalanan cinayətlərin və ya cinayətlərdən birinin planlaşdırılması, hazırlanması, həyata keçirilməsində iştirak edən, bu əməllərin rəhbərləri, təşkilatçıları, iştirakçıları və ya dəstək vermiş şəxslər birmənalı olaraq əməllərinə görə məsuliyyət daşıyırlar. Onların məsuliyyətinin müddəti yoxdur.
Göründüyü kimi, hərbi cinayətlər və bəşəriyyətə qarşı cinayətlər beynəlxalq hüquqda ən ağır cinayətlər siyahısına şamil olunub.
Birinci Qarabağ Müharibəsi illərində on minlərlə azərbaycanlının vəhşicəsinə qətlə yetirilməsində, dinc sakinlərə işgəncələr verilməsində, minlərlə azərbaycanlının əsir və girov alınmasında, əsirlikdə və girovluqda olan Azərbaycan vətəndaşlarına işgəncələr verilərək qətlə yetirilməsində, vətəndaşlarımıza qarşı soyqırımlar və kütləvi qətllər törədilməsində bilavasitə iştirak etmiş şəxslər indi ahıl yaşdadır.
Ermənistanın hakimiyyət dairələri, siyasətçiləri, ictimai xadimləri və mediası onları “ahıl, yaşlı, xəstə, müalicəyə və qayğıya ehtiyacı olan insanlar” kimi təqdim edir.
Vaqif Xaçaturyan isə ümumiyyətlə, “Azərbaycanın oğurladığı günahsız erməni, sivil insan, gözəl ailə başçısı” və s. kimi təbliğ edilir, onun dərhal azad edilməsi və geri qaytarılması tələb olunur.
Halbuki hərbi cinayətlərə və bəşəriyyətə qarşı cinayətlərə görə məhkəmə təqibinə, yaxud onlara görə cəzalandırmaya aid heç bir bəyannamədə, aktda və ya konvensiyada cinayət məsuliyyətinə cəlbetmə müddəti haqqında müddəa yoxdur. Bir daha təkrar edirik: haqqında bəhs etdiyimiz cinayətlərdən onilliklər keçsə belə, cinayətkar cəzadan yaxa qurtara bilməz.
İkinci Dünya Müharibəsi başa çatandan sonra Almaniyanın Nürnberq şəhərində təşkil olunmuş Beynəlxalq Hərbi Tribunalın qərarı ilə 10 nasist cani edam edildi.

