Çində nəsli kəsilmiş insan soyuna aid izlər aşkarlanıbbackend

Çində nəsli kəsilmiş insan soyuna aid izlər aşkarlanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çin Elmlər Akademiyası-nın genetikləri Şimali Çində indiyədək məlum olmayan, zamanla yoxa çıxaraq müasir populyasiyaların genomunda demək olar ki, heç bir iz qoymayan qədim insan soyuna aid izlər aşkar ediblər.

Editor.az xəbər verir ki, tədqiqatın nəticələri Current Biology jurnalında dərc olunub.

Alimlər Pekin yaxınlığındakı Donqulin arxeoloji abidəsində dəfn edilmiş üç fərdin DNT-sini analiz ediblər. Bu şəxslərin Son Buz Dövründən sonra iqlim və ekosistemlərin sürətlə dəyişdiyi istiləşmə mərhələsində yaşadıqları müəyyən olunub.

Aparılan analizlər göstərib ki, qadınlardan biri daha əvvəl məlum olmayan, Şərqi Asiyanın indiyədək öyrənilmiş qədim populyasiyalarında rast gəlinməyən genetik soya mənsub olub. Ən yaxın genetik oxşarlıq isə təxminən 19 min il əvvəl Amur çayı hövzəsində yaşamış bir insanda qeydə alınıb. Bu fakt regionda minilliklər boyu mövcud olmuş qədim şimal populyasiyasının varlığına işarə edir.

Lakin təxminən iki min il sonra eyni ərazidə tam fərqli genetik mənşəyə malik gənc bir kişi dəfn edilib. Onun DNT-sinin Monqol yaylası ilə əlaqəli populyasiyalara daha yaxın olduğu müəyyən edilib. Bu isə bölgədə əhalinin tədricən dəyişdiyini göstərir.

Bununla yanaşı, arxeoloji tapıntılar diqqətəlayiq mədəni davamlılığı üzə çıxarır. Daş alətlər, keramika nümunələri və bitki emalı texnologiyaları demək olar ki, dəyişməz qalıb. Alimlər həmçinin minilliklər ərzində tədricən inkişaf edən darı əhliləşdirilməsinin ilkin izlərini də müəyyən ediblər.

Tədqiqatçılara görə, Buz Dövründən sonrakı iqlim dəyişiklikləri bu proseslərdə mühüm rol oynayıb və qədim icmaları sağ qalmaq və resurslardan istifadə üçün yeni yollar axtarmağa vadar edib.

Araşdırmanın nəticəsində qeyd olunur ki, uzun tarixə malik olmasına baxmayaraq, aşkar edilən qədim insan soyu müasir Şərqi Asiya əhalisinin genomundan demək olar ki, tamamilə silinib. Bu gün onun izlərinə yalnız nadir hallarda rast gəlinir ki, bu da hətta sabit qədim populyasiyaların belə zamanla digər qruplarla qarışa bildiyini göstərir.

//Gülnarə Abasova, Editor.az