Çin ABŞ və İran arasında sülh danışıqlarının başlanması üçün uyğun şəraitin formalaşdırılmasına çağırış edib.
Editor.az-ın məlumatına görə, Çin Xarici İşlər Nazirliyi bəyan edib ki, bütün tərəflər Vaşinqton və Tehran arasında həqiqətən məzmunlu və səmimi sülh dialoqunun başlanmasına şərait yaratmalıdır.
Nazirliyin sözçüsü Lin Szyen bugünkü brifinqdə çıxışı zamanı ABŞ və İran arasında danışıqların başlanması üçün zəruri şərtlərin təmin edilməsinin vacibliyini vurğulayıb.
Pekinin Tehrana Vaşinqtonla danışıqlara başlamaq üçün təsir edib-etmədiyi ilə bağlı suala cavab verən sözçü bildirib ki, Çin münaqişənin uzanmasının heç bir tərəfin maraqlarına uyğun olmadığını dəfələrlə qeyd edib. Onun sözlərinə görə, qarşıdurmanın davam etməsi yalnız insan itkilərinin artmasına və gərginliyin daha da dərinləşməsinə səbəb olur.
Çinli diplomat qeyd edib ki, əsas prioritet sülh danışıqlarının təşviqi, sabitliyin təmin edilməsi və münaqişələrin dayandırılması istiqamətində bütün imkanlardan istifadə etməkdir:
“Gərginliyin azaldılması və vəziyyətin sabitləşdirilməsi istiqamətində atılan bütün addımları dəstəkləyirik. Bütün tərəflər real və səmimi sülh danışıqlarının başlanması üçün birgə səylər göstərməlidir. Çin bu prosesdə konstruktiv rol oynamağa hazırdır”.
//Gülnarə Abasova, Editor.az

