“Çinin İranla bağlı yeni planları var”-ŞƏRHbackend

“Çinin İranla bağlı yeni planları var”-ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“İrana tətbiq olunan sanksiyalar fonunda rəsmi Tehran ticari-iqtisadi və digər sahələr üzrə yeni tərəfdaşlar axtarışındadır. Bu yöndə əsasən sanksiyalar tətbiq olunan ölkələrin rəqibinə daha çox üstünlük verilir”.

Bu fikirləri Editor.az-a açıqlamasında politoloq Natiq Miri bildirib.

Onun sözlərinə görə, Çin iqtisadi cəhətdən dünyada iki hegemon ölkədən biridir:

“Buna görə də İran ABŞ-ın rəqibi və iqtisadi cəhətdən qüdrətli bir dövlət olan Çinlə əməkdaşlıqda maraqlıdır. Ancaq məsələnin müttəfiqliyə qədər inkişaf edəcəyini düşünmürəm. Çünki Çin təkcə İran kimi geridəqalmış ölkələrlə müttəfiqliyə üstünlük verməz. Çin özünün geosiyasi və geoiqtisadi maraqları olan ölkələrlə münasibətlərə üstünlük verir. Bir tərəfdən İranla müəyyən əməkdaşlıq münasibətləri qurmaqla ucuz qiymətə enerji daşıyıcıları almaqda maraqlıdırsa, eyni zamanda, Tehran strateji strukturlarını uzunmüddətli öz nəzarətinə keçirə bilirsə, başqa bir tərəfdən Yaxın Şərqdə İrana rəqib olan Ərəb dünyası ilə də ciddi münasibətlər sistemi qurmağa da böyük əhəmiyyət verir”.

Politoloqun fikrincə, Pekin hər zaman ehtiyacı olan ölkələrlə əməkdaşlığa girir ki, onların çətin vəziyyətlərindən yararlana bilsin:

“Ən azından çox ucuz şəkildə enerji daşıyıcıları alır. İran və Rusiya ilə bağlı münasibətlər də belədir. Ona görə də bunu bilavasitə hər iki dövlətə aid etmək olmaz. Çin öz maraqları kontekstində İranın bu çətin vəziyyətindən istifadə edərək onun ən strateji sahələrini xüsusilə də logistik, dəniz limanlarını nəzarətinə keçirməkdə maraqlıdır. Eyni zamanda, İran başqa ölkələrlə də əməkdaşlıq etməklə öz dövlətinin iqtisadiyyatının qüdrətini artırmağa üstünlük verir. Ancaq İran Çindən fərqli olaraq möhtac dövlətdir. Tehranın bu gün iqtisadi cəhətdən qüdrətli ölkələrə ehtiyacı var. İran prezidentinin Çinə səfərini bu günkü çətin vəziyyət nöqteyi-nəzərindən qiymətləndirmək lazımdır “.

Natiq Miri qeyd edir ki, İran Çinin yaxın prespektivdə milyardlarla investisiya qoymasında maraqlıdır:

“Çünki Tehranın kənd təsərrüfatı, infrastruktur və digər sahələri inkişaf etdirmək üçün maliyyə imkanları yoxdur.
Nə qədər müqavilə və sazişlər imzalansa da bu o demək deyil ki, yaxın 25 ildə yüz milyardlarla investisiya qoyulacaq. Çünki İranda vəziyyət qeyri-müəyyəndir. Onun sosial vəziyyəti çox ağırdır və yenidən etiraz dalğaları yüksələ, hətta mövcud rejimi söküb ata bilər “.

//Safura Bənnayeva, Editor.az