“Üçüncü Dünya Müharibəsinin başlana biləcəyi ehtimalı ilə bağlı fikirlər bir çox aspektdən əsaslandırılmağa çalışılır. Dünyada baş verən münaqişələrə böyük dövlətlər qoşulmaqdadır. Rusiya-Ukrayna münaqişəsi başlayanda da söylənilən fikirlər ondan ibarət idi ki, hər iki tərəfi dəstəkləyən ölkələrin prosesə qoşulması ilə Üçüncü Dünya Müharibəsi başlayacaq”.
Bu fikirləri Editor.az-a açıqlamasında politoloq Oqtay Qasımov deyib.
O bildirib ki, hazırda gedən İsrail-İran müharibəsi dünyanın qütbləşməsinə səbəb olacaq:
“İran yalnız görünsə də onun da müttəfiqləri var. Savaş uzanarsa, şərtlər dəyişə bilər. Hər iki tərəfin yaxın müttəfiqləri prosesə qoşula bilər. Hazırda ABŞ-ın İsrail-İran münaqişəsində iştirak edib-etməyəcəyi ilə bağlı ehtimallar irəli sürülür. Hesab edirəm ki, ABŞ prosesə qoşulacaq. Çünki Donald Tramp daha çox bu istiqamətdə bəyanatlar verməkdədir. Ancaq Çinlə ABŞ hazırda üzbəüz gəlmək niyyətində deyillər. Müharibəni regional müstəvidə bitirməyə çalışacaqlar.
Doğrudur, İranla savaş dolayısı yolla Çinə də təsir edən amildir. Belə ki, əgər Hörmüz boğazı bağlanar və İran ciddi hücumlara məruz qalarsa, bu, Çinə də təsir edəcək. Çünki İran Çinin enerji resurslarının əsas təminatçısı rolunda çıxış edir. Ancaq hər bir halda hələ ki Üçüncü Dünya Müharibəsi gözlənilmir”.
//Gülnarə Abasova, Editor.az