Cırtdan Lüksemburq Bakıya “şərt” qoyur – TƏFƏRRÜATbackend

Cırtdan Lüksemburq Bakıya “şərt” qoyur – TƏFƏRRÜAT

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dünya siyasətində absurdlar və paradokslar çox olur. Bəşər tarixi boyunca belə məntiqsiz, ilk baxışdan izahı çətin olan olaylar yetərincədir.

Normal xarici siysasət yürüdən, adekvat davranan dövlətlər diplomatik qərarlarında və bəyanatlarında mümkün qədər soyuqqanlı, praqmat olmağa çalışır, mövcud geosiyasi reallıqları nəzərə alırlar. Ən başlıcası isə dövlət yerini, çəkisini, mövqelərini və imkanlarını dürüst dəyərləndirməlidir.

Əks təqdirdə siyasətdə paroksizm yaranır, həmin dövlətin bəyanatı tragikomediya təsiri bağışlayır.

Sahəsi 2586,4 kvadrat kilometr, əhalisi isə 626108 nəfər olan Lüksemburq dünyanın cırtdan, daha doğrusu, meqacırtdan dövlətlərindən biridir.

Lüksemburq ərazisinə görə dünyada 167-ci, əhali sayına görəsə 164-cü yeri tutur.

Di gəl, bu gölkə olduğundan güclü, göründüyündən qüdrətli təsir bağışlamağa çalışaraq özünü uzaqlardakı proseslərə birbaşa təsir imkanlarına malik qüvvə kimi hiss edir. Bu azmış kimi, Lüksemburq siyasətçiləri əsla bələd olmadıqları, proseslərin gedişatını anlamadıqları geosiyasi olaylara müdaxilə hüququna malik olduqlarını düşünürlər. Üstəlik, onlar başqa dövlətlərə yol göstərmək, məsləhət vermək və hətta təzyiq göstərmək cəhdinə də baş vururlar.

Lüksemburqun parlamenti Ermənistana dəstək vermək qərarına gəlib. Sözügedən parlament qətnamə qəbul edərək “Azərbaycanda saxlanılan erməni əsirlər Ermənistana qaytarılmayana qədər Avropa Birliyini Azərbaycanla əməkdaşlığı genişləndirməməyə” çağırıb.

Ermənistanda siyasətçilər, media və sosial şəbəkə istifadəçiləri bu qətnamədən eyforiyaya qapılaraq bildirirlər ki, Lüksemburqda qəbul edilmiş sənəd “çox önəmli və taleyüklü olduğundan Bakı onu mütləq icra etməlidir”.

Absurd teatrının personajlarının hərəkətlərini müşahidə etmək nə qədər maraqlı olsa da, bildirməliyik ki, Lüksemburq parlamentində qəbul edilmiş sənəd bu cırtdan ölkənin hökuməti üçün sadəcə, məsləhət funksiyasını daşıyır.

Sənəd heç bir halda Lüksemburq hersoqluğunun rəsmi mövqeyi sayılmır və sayıla da bilməz.

Bu, öz yerində.

Əsas məsələ isə odur ki, ötən ilin noyabrın 10-da Rusiya, Azərbayan və Ermənistan arasında üçtərəfli bəyanatın imzalanmasından cəmi bir ay keçdikdən sonra Ermənistan silahlı qüvvələrinin Azərbaycanın beynəlxalq tanınmış ərazilərində bu kimi diversiya-təxribat fəaliyyətinin Ermənistanın beynəlxalq hüququn prinsiplərini, eləcə də bəyanatla üzərinə götürdüyü öhdəlikləri kobud şəkildə pozmasının sübutudur.

Noyabrın 9-dan 10-na keçən gecə Rusiya və Azərbaycan prezidentləri, habelə Ermənistanın baş naziri tərəfindən imzalanmış üçtərəfli bəyanatda deyilir ki, “Qarabağda qoşunlar olduqları yerdə qalmalıdır.

Erməni silahlılar işğaldan azad edilmiş ərazilərə sızıblar: özü də onlar meşəliklərdə və ermənilərin gedərkən yandırmadıqları evlərlə yanaşı, rusiyalı sülhməramlıların nəzarətindəki ərazilərdə gizlənirlər.

Digər məsələ isə həmin erməni silahlıların kimliyidir. Onların əksəriyyəti Ermənistan vətəndaşlarıdır və Qarabağa da noyabrın 10-dan, yəni üçtərəfli bəyanat imzalanandan sonra göndəriliblər.

Yəni Ermənistanın anlaşmanın şərtlərini inadla və israrla yerinə yetirmədiyi aşkardır.

Rəsmi İrəvan fasiləsiz olaraq bəyan edir ki, bu şəxslər “könüllülər”dir, hətta çoxu qarabağlı ermənilərdir və onlar Ermənistan Müdafiə Nazirliyinin qərarlarına tabe olmurlar.

İrəvan beləcə, həmin şəxslərin diversant və ya terrorçu kimi yox, hərbi əsirlər qismində tanınmasını qarşısına məqsəd qoyur.

Lakin İrəvanın versiyasına görə, bu şəxslər Ermənistana tabe olmayanlardırsa və üstəlik, əksəriyyəti də qarabağ erməniləridirsə, onda belə çıxır ki, ələ keçirilənlər Ermənistan vətəndaşlarıdırsa öz ölkəsinin qanunlarına, qarabağlı ermənilərdirsə – de-yure və de-fakto vətəndaşları olduqları Azərbaycanın mövcud qanunvericiliyinə tabe olmayaraq mütəşəkkil silahlı dəstələrin və terrorçu qruplaşmaların tərkibində teraktlar törətməyə hazırlaşmış şəxslərdir.

Hər iki halda onlar apriori qaydada qatı cinayətkar hesab olunurlar.

Üstəlik, onlar İrəvanın bəyan etdiyi kimi, “Ermənistan vətəndaşları deyil”lərsə, deməli, Azərbaycan vətəndaşı olan qarabağlı ermənilərdir və belədə heç bir halda hərbi əsir hesab oluna bilməzdər.

Bəhs etdiyim silahlı ermənilərlə bağlı terminologiyada da aydınlıq olmalıdır.

Əgər onları “diversant” adlandırırınqsa, onda bu şəxslər konkret ölkənin silahlı qüvvələrinin tərkibindəki hərbi xidmətçilərdir və qarşılarına qoyulmuş döyüş tapşırığını yerinə yetiriblər.

Terrorçular isə bütün ölkələrdə qanundan kənar adamlardır və hərbi əsirlərlə davranış barədə 1949-cu ilin Cenevrə konvensiyası onlara şamil olunmur.

Azərbaycan beynəlxalq hüququn aliliyinə, o cümlədən məhbusların tutulması əməliyyatları və onlarla rəftara aid olan beynəlxalq humanitar hüquq və beynəlxalq insan hüquqları üzrə öhdəliklərinə riayət etməyə sadiqdir. Üçtərəfli bəyanatda nəzərdə tutulduğu kimi və beynəlxalq humanitar hüquqa əsasən üzərinə götürdüyü öhdəliklərə uyğun olaraq, Azərbaycan hərbi əsir statusu olan bütün erməniləri sərbəst buraxıb və geri qaytarıb.

Hazırda Azərbaycanda, bütün hərbi əməliyyatların dayandırılmasını nəzərdə tutan 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın imzalanmasından bir neçə həftə sonra Azərbaycan ərazisinə qanunsuz göndərilən erməni təxribatçıları həbsdə saxlanılır.

… Lüksemburq hersoqluğunun parlamentinin mənsubları gülünc duruma düşdüklərinin fərqində deyillər.

Ola bilər – cırtdan dövlətlərdəki siyasətçilərin ambisiyaları bəzən çox böyük olur.

Milli.az