ABŞ prezidenti Co Bayden sabah, oktyabrın 18-də İsrailə səfər etmək niyyətindədir.
Editor.az xəbər verir ki, bu barədə hazırda Tel-Əvivdə olan dövlət katibi Entoni Blinken müraciətində bildirib. Dövlət Departamentinin saytı xəbər verir ki, o, həmçinin Qəzza zolağına humanitar yardımın daxil olması üçün Birləşmiş Ştatlar və İsrail tərəfindən hazırlanmış plandan danışıb. “Biz İsrailin bu plan üzərində işləmək vədini alqışlayırıq.
Prezident çərşənbə günü burada olarkən bunu müzakirə etməyi səbirsizliklə gözləyir”, – Entoni Blinken deyib. Eyni zamanda, Amerika mediası hesab edir ki, Baydenin İsrailə səfəri onun fiziki təhlükəsizliyini təhlükə altına qoyur. “Prezidentin belə kritik bir zamanda İsrailə səfəri həm siyasi, həm də təhlükəsizlik baxımından Ağ Ev üçün böyük problemlər yaradır”, – “New York Times”ın köşə yazarları David Sangery və Peter Baker bildiriblər.
Baydenin qərarının siyasi risklərini hələ də “ölçmək çətindir”, lakin Donald Tramp bu vəziyyətdən istifadə edə bilər. Nəşr qeyd edir ki, Co Baydenin səfəri “fiziki risklərlə” doludur.
//Samir Qurbanov, Editor.az

