“Rusiya prezidenti Vladimir Putinin Azərbaycana səfərindən sonra Ermənistan baş naziri Nikol Paşinyanla apardığı telefon danışığı Azərbaycan-Ermənistan arasında danışıqlar prosesində yenidən canlanma yaratdı. Belə ki, Paşinyan Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin razılaşdırılmış 13 bəndi əsasında bir sənədin bağlanmasını və yerdə qalan digər məsələlərin də sonradan müzakirə edilərək razılaşdırılmasının mümkün olduğunu bildirdi. O cümlədən Zəngəzur dəhlizi ilə bağlı məsələ də yenidən aktiv şəkildə müzakirə olunmaqdadır”.
Bu fikirləri Editor.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib.
Millət vəkili Rusiyanın XİN sözçüsü Mariya Zaxarovanın Zəngəzur dəhlizi ilə bağlı səsləndirdiyi fikirləri bu marşurutu reallaşdırmaq prosesinin yenidən aktuallaşmasının göstəricisi hesab edir:
“Zəngəzur dəhlizinin açılması qərbin sanksiyaları altında olan Rusiya üçün çox vacibdir. O cümlədən, Ermənistan Rusiyanın üzvü olduğu BRİKS təşkilatına qoşulmaq niyyətini ifadə edib. Bütün bu proseslər Putinin Azərbaycana səfərindən sonra Azərbaycanla Ermənistan arasında danışıqlarının yenidən intensivləşməsinə bir impuls verdiyini göstərir. Hətta Paşinyanın COP29-da iştirak etmək üçün Bakıya gələcəyi də gözləniləndir. Çünki Paşinyan COP29-a dəvətlə bağlı açıqlamasında bu məsələnin hadisələrin gedişatı ilə əlaqəli olduğunu və sonra qərar veriləcəyini bildirib. Yəni, Paşinyan Bakının dəvətini də imtina etməyib. Bütün bu baş verən proseslər yaxın dövrdə Azərbaycanla Ermənistan arasında çərçivə sazişinin imzalanmasını gündəmə gətirir. COP 29-a qədər belə bir sənədin imzalana bilər”.
//Gülnarə Abasova, Editor.az